MİLLİ MƏCLİSDƏ İNSAN HÜQUQLARINA DAİR DİNLƏMƏLƏR KEÇİRİLDİ

Tədbirlər
16 iyun 2016 | 07:06   
Paylaşın:        

İyunun 16-da Milli Məclisin İnsan  hüquqları  komitəsində “18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar dinləmələr keçirildi.
Tədbiri  giriş  sözü  ilə  açan Milli Məclis  Sədrinin müavini,  İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, son zamanlar parlament  çox gözəl bir  ənənə formalaşdırıb. Ölkədə və dünyada  baş verən aktual məsələlərlə bağlı dinləmələr keçirilir və bu tədbirlər ictimaiyyətlə məsləhətləşmə xarakteri daşıyır.  O, qeyd  etdi ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması ilə ölkədə müstəqil dövlət quruculuğu prinsipləri bərqərar olmağa başlayıb.  Dünən  - 15  iyun Milli Qurtuluş günü  Azərbaycan dövlətçiliyinin ən uğurlu  günlərindən biri kimi ölkədə  bayram  edilirdi.  18 iyun  isə - Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd  edilir. Müstəqil dövlət  quruculuğu  hər  bir  dövlətin istəyi olduğu kimi  hər bir  şəxsin də arzusu öz hüquq  və  azadlıqlarının təminatıdır. Azərbaycanın qazandığı bütün uğurlarda ulu öndər Heydər Əliyevin imzası  var. Ümummilli liderin  rəhbərliyi  ilə 1995-ci ildə qəbul  edilmiş Azərbaycan Konstitusiyasının ali məqsədi  məhz  insan  hüquq  və  azadlıqlarının qorunmasının  təminatıdır.  İnsan hüquqları ilə bağlı digər fundamental sənəd 1998-ci il iyunun 18-də Ulu Öndər tərəfindən təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramıdır. Məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla İnsan Hüquqları Günü elan edilib. Sonra vitse-spiker ölkəmizdə  yaranan Ombudsman İnstitutunun uğurlu  fəaliyyətindən, Azərbaycanın İnsan  hüquqları  üzrə müvəkkili  Elmira Süleymanovanın rəhbərliyi ilə  görülən işlərdən söhbət  açdı.
Toplantıda  iştirak  edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda  məruzə ilə çıxış etdi. Əli Həsənov bugünkü dinləmələrin ölkəmizdə mühüm bir beynəlxalq tədbir – “Formula-1” yarışlarıı ərəfəsində keçirildiyini,  birinci Avropa Oyunları kimi möhtəşəm idman tədbirindən sonra Formula -1 Avropa Qran-prisinin də təşkilatçılığının Azərbaycana həvalə olunmasını respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qazandığı uğurların beynəlxalq ictimaiyyət tərəfindən etiraf edildiyinin göstəricisi kimi  dəyərləndirdi.
Prezidentin köməkçisi dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə və qəddarcasına pozulmasını təəssüf  hissi ilə qeyd  etdi: “Qonşu Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürərək havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, etnik təmizləmə və soyqırımı törədərək 1 milyondan çox insanı öz yurd-yuvasından didərgin salıb. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər hələ də bu soydaşlarımızın hüquqlarının ən kobud şəkildə pozulmasına adekvat hüquqi, siyasi qiymət vermir, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etməkdən və digər təsirli tədbirlər görməkdən çəkinirlər.”
Əli Həsənov vurğuladı ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dönüş məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra yarandı. Xaos və anarxiyanın, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, davamlı ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkədə demokratik və hüquqi dövlət quruculuğu prosesinin başlanmasına imkan verdi. Bu dövrdən etibarən insan hüquqlarına dair beynəlxalq sənədlərdə təsbit olunmuş standartlar da nəzərə alınmaqla, milli qanunvericiliyin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldı. Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi dəyərləndirən Prezident İlham Əliyev bu sahədə görülən işləri uğurla davam etdirib, 2006-cı ildə insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planını, 2011-ci ildə isə Milli Fəaliyyət Proqramını təsdiq edib. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.
Qeyd edilib ki, demokratiya, vətəndaş cəmiyyəti ilə bağlı məsələlər sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə sıx bağlıdır. Bu gün ölkəmizdə 55 siyasi partiya, 3 minə qədər qeyri-hökumət təşkilatı, sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları və s. vətəndaş cəmiyyəti təsisatları sərbəst fəaliyyət göstərir. Əli Həsənov dedi ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının ictimai maraqlara xidmət göstərməsi üçün hərtərəfli şərait yaradır. QHT-lərə hərtərəfli dövlət dəstəyinin göstərilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti 2007-ci ilin dekabrında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaradıb. Gənclərin ictimai birliklərinə də xüsusi diqqət yetirilir. 2011-ci ilin dekabrında təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu vasitəsilə gənclər təşkilatlarının, habelə yaradıcı, istedadlı və ictimai fəal gənclərin layihələrinə mütəmadi olaraq maliyyə dəstəyi göstərilir. Ölkədə fikir və söz azadlığının qorunmasına, azad informasiya məkanının formalaşmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı istiqamətində qarşıda duran məsələləri diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycanda aparılan işlərin məntiqi nəticəsi olaraq beynəlxalq normalara cavab verən, hər zaman inkişafa istiqamətlənmiş azad, plüralist media fəaliyyət göstərir. Kütləvi informasiya vasitələrinin sayına görə Azərbaycan MDB və Şərqi Avropa məkanında lider ölkələrdən biri hesab edilir. Respublikamızda 5 mindən artıq KİV müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib. Bu gün ölkəmizdə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları fəaliyyət göstərir. Azərbaycanda internet informasiya resursları da sürətlə inkişaf edir. İnternet-radio və internet-televiziya proqramlarından, elektron media vasitələrindən, sosial şəbəkələrdən istifadə halları respublika əhalisi arasında geniş yayılıb. Hazırda ölkə əhalisinin 75 faizi internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərinin sayı isə 2 milyonu ötüb. O,  insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətimizin ali məqsədi kimi səciyyələndirdi. 
Toplantıda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurası Venesiya Komissiyasının üzvü Lətif Hüseynov “İnsan  hüquq  və  azadlıqlarının  təşviqində Milli Məclisin  rolu”  mövzusunda  çıxış edərək  parlament Aparatında qanunlarla bağlı insan hüquqları ekspertizasının həyata keçirildiyini diqqətə çatdırdı. Bildirildi ki, Venesiya Komissiyası insan hüquqları baxımından bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamentə təqdim olunur. İnsan hüquqları dedikdə mülki və siyasi hüquqlar başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Parlamentdə qəbul  edilən  iqtisadi və sosial hüquqlarla bağlı qanunları ön plana çəkən  Lətif Hüseynov  bu  sənədlərdə insan  hüquq  və  azadlıqlarının  qorunması  elementlərindən ətraflı  söhbət  açdı
Sonra İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova çıxış  edərək bildirdi ki, insan hüquqları sahəsində bütün ölkələr üçün örnək olan Azərbaycan bir çox təşəbbüslər irəli sürüb və bu təşəbbüslər yüksək qiymətləndirilir. Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub. Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa bir dövrdə 61 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı tətbiq olunub. Millət  vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son amnistiya aktı 10 min insana şamil olunur. Təkcə dünən 350 insan azadlığa qovuşub.
Dinləmələrdə Ali Məhkəmənin üzvü Vəfaddin İbayev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri  İsmayıl Axundov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ilə əlaqədar  çıxış ediblər.
Millət  vəkilləri Fuad Muradov,  Tahir  Kərimli, Çingiz  Qənizadə, vətəndaş  cəmiyyətinin və QHT-lərin nümayəndələri müzakirələrə  qatılaraq ölkədə insan hüquq  və  azadlıqlarının qorunması ilə bağlı  fikirlərini  bildirdilər.
Milli Məclis  Aparatının  rəhbəri Səfa  Mirzəyev  çıxışında  ölkədə  insan  hüquqlarının  qorunması  sahəsində  görülən işləri  yüksək  dəyərləndirdi. O, qeyd  etdi ki, keçmiş sovetlər  dönəmində  əmək və sosial hüquqlar əksini tapsa  da,  ümumilikdə insan hüquqları ritorikadan başqa bir şey  deyildi: “Hər bir dövrdə insan hüquqları yeni çalarlarla özünü büruzə verir. Mən sevinirəm ki, Azərbaycanda əsl vətəndaş cəmiyyəti yaranıb, çoxlu sayda QHT-lər fəaliyyət göstərir. Ölkə rəhbərliyi də insan hüquq və azadlıqları sahəsində problemlərin həllini diqqətdə saxlayır ”.
Tədbirə  Milli Məclis  Sədrinin müavini, İnsan  hüquqları  komitəsinin sədri  Bahar Muradova, Prezidentin ictimai-siyasi  məsələlər  üzrə köməkçisi  Əli Həsənov   yekun vuraraq  qaldırılan məsələlərlə bağlı  fikirlərini  açıqladılar. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU