MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
24 iyun 2016 | 05:06   
Paylaşın:        
İyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, məcəlləyə əlavə ediləcək yeni 165.3-cü maddəyə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
  Bununla əlaqədar vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verilir. 
Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi daşıyır. Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin (Tax Free) tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir.
Dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Sonra deputatlar Miqrasiya və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklikləri müzakirə etdilər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati xəta törətdikdə barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların Azərbaycandan getməsi müvəqqəti olaraq məhdudlaşdırıla bilər.  
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə isə deyilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə cəzalandırılacaqlar. 
Dəyişikliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin 70 faizindən 100 faizinədək məbləğdə cərimə ediləcək və ya Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.
Hər iki layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi.
İclasda Mülki Məcəlləyə və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna da dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilir.
Sonra iclasda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında məsələ də müzakirə olundu.
Məcəllənin 127-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, saxlanmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri müvafiq icra hakimiyyəti orqanının əməkdaşının və saxlanmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşı tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
Bildirildi ki, nəzərdə tutulan dəyişikliklər “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli Sərəncamının tətbiqi ilə əlaqədardır.
Deputatlar bu dəyişikliyin də əhəmiyyətini qeyd edərək onu səsə qoyaraq qəbul etdilər. 
İclasın sonunda Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı bağlı elan etdi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
 Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU