REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
09 sentyabr 2016 | 06:09   
Paylaşın:        

Sentyabrın 9-da  Milli Məclisin  Regional  məsələlər  komitəsinin 2016-cı ilin payız  sessiyasında  ilk iclası  keçirildi.
Komitənin  sədri  Arif  Rəhimzadə 2016-ci ilin yaz  və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlərin hesabatını təqdim etdi.  O, yaz sessiyasında 4 iclasın keçirildiyini, 6 məsələnin müzakirə olunduğunu, komitənin ünvanına gələn 327 məktub, təklif və ərizəyə baxıldığını, 725 vətəndaşın millət  vəkilləri  tərəfindən  qəbul edildiyini dedi. Sonra payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi. Bildirildi ki, payız sessiyasının iş planına əsasən bələdiyyələrin fəaliyyətini, statusunu tənzimləyən bəzi qanunlara, eləcə də inzibati ərazi bölgüsünə dair müəyyən hüquqi sənədlərə əlavə və dəyişikliklərin edilməsi daxildir.
Sonra  gündəlikdəki  digər  məsələlərin müzakirəsinə  başlanıldı. Qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Yerli vergilər və ödənişlər”, “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında qanun layihələrinə təklif olunan dəyişikliklərə baxıldı və məqbul sayıldı.
Gündəlikdəki digər 6 məsələ - Biləsuvar rayon İcra Hakimiyyətinin Cəlilabad, İmişli, və Salyan rayon İcra Hakimiyyətləri, Lerik rayon İcra Hakimiyyətinin Yardımlı və Ağdaş rayon İcra Hakimiyyətləri, həmçinin  Ucar rayon İcra Hakimiyyətinin Zərdab rayon İcra  Hakimiyyəti  ilə arasındakı ərazi mübahisəsinə dair müraciətlər haqqında idi. Hansı ki, ötən yaz sessiyasında bu məsələlərin yerlərdə araşdırılması ilə bağlı komitədə əlaqədar qurumların təmsilçilərinin də iştirakı ilə komissiya yaradılmışdı. Millət vəkilləri Rüstəm Xəlilov  və Tahir  Rzayev məlumat verdilər ki, komissiyanın araşdırmaları nəticəsində sözügedən rayonlardakı üç mübahisəli məsələ artiq öz həllini tapıb.
Sonda Biləsuvarla Salyan, Leriklə Yardımlı, Ucarla Zərdab rayonları arasındakı sərhəd məsələlərinin mövcud xəritələrə uyğun həll edilməsi üçün  millət vəkillərindən, Milli Məclis Aparatı, Dövlət Əmlak Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi komissiyanın yaradılması  barədə məlumat  diqqətə  çatdırıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU