ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
09 sentyabr 2016 | 06:09   
Paylaşın:        

Sentyabrın 9-da Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırdı.
Əvvəlcə 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin gördüyü işlər barədə məlumat verildi. Bildirildi ki, hesabat dövründə Elm və təhsil komitəsinin 4 iclası keçirilib, 4 məsələyə baxılıb. Sessiya zamanı əsasən “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilməsi, elm və təhsil sahələrinə dair yeni qanun layihələrinin hazırlanması və işçi qruplarının yaradılması barədə məsələlərə baxılıb. Komitə sədri “Elm haqqında” qanunun hazırlanması, aparılan müzakirələr, parlamentin plenar iclasında üç oxunuşda qəbulu barədə geniş söhbət açdı, habelə sənəd  üzərindəki iş prosesində əməyi olan millət vəkillərinə, mütəxəssislərə təşəkkürünü ifadə etdi.
Qeyd edildi ki, bu müddət ərzində komitəyə təhsil haqqının ödənilməsi, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, məcburi köçkünlərin işlə təmin olunması, müalicə ilə bağlı maddi yardımın göstərilməsi, mənzil və digər məsələlərlə bağlı müraciətlər daxil olub. Bu müraciətlərin bir qismi baxılması üçün aidiyyəti qurumlara göndərilib, digər hissəsi  ilə bağlı ərizəçilərlə müvafiq söhbətlər aparılıb.
Sonra İsa Həbibbəyli söylədi ki, 2016-cı ilin payız sessiyası üçün tərtib edilmiş iş planına “Məktəbəqədər təhsil haqqında”, “İlk peşə-ixtisas təhsili haqqına” qanun layihələrinin hazırlanması, komitəyə daxil olan sənədlərin müzakirəsi və digər məsələlər daxil edilib. Qeyd edildi ki, təhsil kreditləri ilə bağlı məsələnin aktuallığını nəzərə alaraq, bununla əlaqədar fikir mübadiləsi aparmaq məqsədəuyğun olardı.
İclasda bildirildi ki, ölkə başçısı tərəfindən bir sıra qanunlara dəyişikliklər edilməsi barədə sənədlər parlamentə daxil olub. Belə ki,  “Təhsil haqqında” qanuna ediləcək dəyişikliyə əsasən, sənədə 22.5-1-ci maddə əlavə olunur. Əlavədə deyilir ki, bu qanunla magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata şamil edilir.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif olunan dəyişikliklər bu sənədi “Təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərinin təhsil haqqından azad edilməsini nəzərdə tutur.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda da bir sıra düzəlişlərin  edilməsi nəzərdə tutulub. Bu dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəyyən olunmuş təhsil üzrə təminatlar müvafiq icra hakimiyyətinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlara da şamil edilməsini nəzərdə tutur.
İclasda çıxış edən deputatlar Rafael Hüseynov, Musa Qasımlı, Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Asim Mollazadə, Kamilə Əliyeva 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin fəaliyyətini qənaətbəxş hesab etdilər, payız sessiyasında baxılacaq məsələlərin əhəmiyyəti barədə danışdılar. Komitə üzvləri müzakirəyə çıxarılan hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU