TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
16 sentyabr 2016 | 04:09   
Paylaşın:        

Sentyabrın  16-da  Milli Məclisin Təbii  ehtiyatlar, energetika  və  ekologiya  komitəsinin payız  sessiyasında  ilk iclası  keçirildi.  İclası  açan Milli Məclis  Sədrinin müavini, komitə  sədri Valeh Ələsgərov  millət  vəkillərini  yeni  sessiyanın  başlanması  münasibəti ilə təbrik etdi.
 Sonra  Valeh  Ələsgərov  iclas  iştirakçılarını komitədə cari ilin yaz və növbədənkənar  sessiyaları  dövründə  görülən  işlərin  hesabatı ilə tanış etdi. Bildirildi ki,  hesabat   dönəmində  komitənin 2  iclası  keçirilib, iclaslarda  5  məsələ müzakirə  edilib.  Vətəndaşlardan, İdarə  və  təşkilatlardan daxil olmuş 110  ərizə  və məktuba  baxılmış,  qaldırılan məsələlərin müsbət  həlli  üçün  lazımi  tədbirlər  görülmüşdür.  Bu  dövrdə  komitə  sədri  və üzvləri  tərəfindən  60-a  yaxın  vətəndaş  qəbul  edilmiş, onların müraciətləri araşdırılmış, tədbir  görülmək  üçün  aidiyyatı  təşkilatlara  göndərilmişdir.  Komitə  üzvləri ölkə  daxilində  və  xaricində  xidməti  ezamiyyətlərdə olmuş,    energetika, ətraf  mühit və  digər  sahələr  üzrə  keçirilən seminar  və konfranslarda parlamenti  layiqincə  təmsil  etmişlər.
Sonra  iclasda  “Azərbaycan  Respublikası Hökuməti  və Türkiyə  Respublikası  Hökuməti  arasında  Trans  Anadolu təbii  qaz  sisteminə  dair” Anlaşma  Memorandumunun  təsdiq  edilməsi  haqqında” qanun  layihəsinə  baxıldı.  Valeh Ələsgərov 2014-cü  il mayın 26-da  Ankara  şəhərində  imzalanan sənədin  əhəmiyyəti  barədə ətraflı məlumat  verdi. Qeyd  olundu ki,  qanun layihəsi  iki qardaş ölkə  arasında  təbii  qazın  istismarı  sahəsində  əməkdaşlıq  üçün olduqca  zəruridir. 
Millət  vəkilləri  yekdilliklə  sənədin Milli Məclisin plenar  sessiyasının müzakirəsinə  çıxarılmasını dəstəklədilər.

 

Milli Məclisin
Mətbuat  xidməti  

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU