ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli deputatları yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdikdən sonra gündəlikdəki Əmək Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsini şərh etdi.
Bildirildi ki, Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisar aparılıb. Belə ki, layihəyə əsasən qeyd olunan hissədə əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraiti xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının yoxlayaraq təsdiq edəcəyi siyahıdan “peşə və vəzifələri” sözləri çıxarılır. Hadi Rəcəbli vurğuladı ki, ixtisarın aparılmasına səbəb bu sahədə mövcud olan bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir.
Sonra komitədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, eləcə də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlərə baxıldı. Komitə sədri qeyd etdi ki, hər iki sənəddə aparılan dəyişiklik mahiyyətcə eynidir. Sənədlərin müvafiq bəndlərində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri əlavə edilir.
Daha sonra komitə üzvləri yeni hazırlanmış “Turizm haqqında” qanun layihəsini ilk oxunuşda müzakirə etdilər. Hadi Rəcəbli qeyd etdi ki, sənəd Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləmək məqsədi ilə hazırlanıb. Bildirildi ki, əslində sənəd ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir. 8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı əsas anlayışlar, görüləcək tədbirlər də öz əksini tapıb.
Çıxış edən millət vəkilləri Rauf Əliyev, Aytən Mustafayeva, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Araz Əlizadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov ölkədə turizmin inkişafı ilə bağlı görülən işlərdən danışdılar, təkliflərini səsləndirdilər.
İclasda komitənin qarşıdakı sessiya üçün qanunvericilik işləri planı müzakirə olundu. Komitə sədri bildirdi ki, payız sessiyasında “Turizm haqqında” qanunla bərabər digər qanun layihələrinin qəbulu da gözlənilir. O, qanun yaradıcılığı subyekti olaraq yeni təşəbbüslərlə çıxış etməyin vacibliyindən, bu sahədə deputatların üzərinə düşən vəzifələrdən danışdı. Bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi zərurətinin yarandığını vurğuladı.
Komitə üzvləri yaz sessiyasının qanunvericilik işləri planını razılıqla qarşıladılar.
Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti