MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
Komitənin sədri Rafael Hüseynov əvvəlcə 2016-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, sessiya dövründə komitənin iki iclası keçirilib və bir sıra qanun layihələri müzakirə edilib. Hesabat dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 210 müraciətə baxılıb, tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib.
Sonra komitənin 2016-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, sessiya dövründə “Kinematoqrafiya haqqında”, “Yazılı abidələr haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və digər qanun layihələri üzərində iş aparılacaq.
İclasda qanunvericilik işləri planı təsdiqləndikdən sonra “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxıldı. Layihəyə əsasən sənədin 24.4-cü maddəsinin ləğv edilməsi nəzərdə tutulur.
Çıxış edən komitə üzvləri Jalə Əliyeva, Fəzail İbrahimli, Novruzəli Aslanov təklif olunan dəyişikliyi yüksək qiymətləndirdilər. Bildirdilər ki, bu dəyişiklik yaradıcı şəxslərin daha sərbəst fəaliyyət göstərməsinə kömək edəcəkdir.
İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti