Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi

Komitə iclasları
16 sentyabr 2016 | 06:09   
Paylaşın:        
 Sentyabrın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.
Komitə sədri Eldar İbrahimov bildirdi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib. Bu iclaslarda 14 məsələ, o cümlədən 11 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclis tərəfindən qəbul edilib. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 138 vətəndaşın müraciəti daxil olmuş, həmin müraciətlər tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilmişdir.
Sonra Eldar İbrahimov Aqrar siyasət komitəsinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Diqqətə çatdırdı ki, payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. 
Gündəlikdə olan “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim edən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə bildirdi ki, dəyişikliyə əsasən, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi, idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.
Bildirildi ki, bu dəyişiklik sözügedən qanunu 15 mart 2016-cı ildə qəbul edilmiş “Lisenziyalar və icazələr haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə edilir.
Çıxış edən komitə üzvləri Eldar Quliyev, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Elçin Quliyev və müvafiq qurumların nümayəndələri qeyd edilən dəyişikliyi müsbət qiymətləndirdilər. Vurğulandı ki, bu addım meliorasiya və su təsərrüfatının inkişafına xüsusi təkan verəcək.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU