MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
23 aprel 2012 | 12:04   
Paylaşın:        

Aprelin 20-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərlə bağlı deyilən fikirlərə münasibətini bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi ki, Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Konstitusiya qanununa dəyişiklik etmişdir. Bu dəyişikliyə əsasən, İnsan hüquqları üzrə müvəkkilə (Ombudsman) informasiya əldə etmək hüquqlarının müdafiəsi ilə bağlı əlavə səlahiyyətlər verildi və bu sahədə problemlərin, hüquqpozmaların qarşısının alınması Ombudsmana həvalə olundu. Bu gün isə həmin dəyişikliklərin tətbiqi ilə əlaqədar "İnformasiya əldə etmək haqqında" Qanuna, Cəzaların İcrası Məcəlləsinə, "Psixiatriya yardımı haqqında" Qanuna və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"nin "Hauptvaxt haqqında" 4 saylı əlavəsinə  dəyişikliklər təklif olunur.
Bu dəyişikliklər qəbul olunduqdan sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə və Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, hər üç məcəlləyə təklif olunan dəyişikliklər seçki prosesi ilə bağlıdır və seçki prosesindəki prosedur müddətlərinin azaldılmasını özündə ehtiva etməklə onları daha da dəqiqləşdirir. Hər üç məcəlləyə dair dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Sonra  “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar 14 qanunvericilik aktına təklif olunan dəyişikliklər müzakirə olundu. Bildirildi ki, iclasın gündəliyinə Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə,  İnzibati Xətalar, Vergi və Mənzil məcəllələrində, habelə “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilmişdir. Qeyd olundu ki, bu dəyişikliklər  “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarını bu qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Bu qanunlarda  hazırda qüvvədə olan bir sıra fəsil və maddələrin adlarının, orada istifadə olunan ifadələrin digərləri ilə əvəzlənməsi təklif olunur, bəzi maddə və bəndlər yeni redaksiyada verilir. Qeyd olundu ki, torpaq münasibətlərini tənzimləyən maddələrdə ediləcək dəyişikliklər mövcud qanunvericilikdəki boşluqların aradan qaldırılmasına təminat verəcək,  əhalinin mülkiyyət hüququnun daha yaxşı müdafiə olunmasına xidmət edəcəkdir.
Müzakirələr zamanı deputatlar qanun layihələrində nəzərdə tutulan dəyişikliklərin vacibliyini bildirdilər, son vaxtlar bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etdilər. Müzakirələrdən sonra 14 qanunvericilik aktına təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Sonra Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olundu. Məlumat verildi ki, əsasnaməyə ediləcək dəyişikliyə əsasən miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödəniləcək. Bu dəyişiklik də təsdiq olunduqdan sonra iclasda "Dövlət qulluğu haqqında" Qanuna təklif olunan dəyişikliklər müzakirəyə təqdim olundu. Bildirildi ki, dövlət orqanları onların statusu, ierarxiyası və yurisdiksiyası nəzərə alınmaqla yeni kateqoriyalar üzrə təsnifatlaşdırılır. Dəyişikliyə görə, birinci kateqoriya dövlət orqanları bundan sonra ali kateqoriya dövlət orqanları adlanacaq. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.
“Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə danışan Parlamentinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilmişdir. Lakin indi bu qanun günün tələblərinə tam cavab vermir. Ona görə də qanuna bir sıra əlavələr və dəyişikliklər edilməlidir.
Qanuna təklif olunan əsas dəyişikliklərdə deyilir ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcəklər. Lakin bu dəyişiklik bütün siyasi partiyalara şamil edilməyəcəkdir. Siyasi partiyalar seçkilər zamanı yığdıqları səslərin və qazandıqları deputat mandatlarının sayına görə dövlət büdcəsindən maliyyə ala biləcəklər.
Siyasi partiyalar Milli Məslisə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, vəsait qeyd olunan qaydada hər bir siyasi partiyaya ayrıca veriləcəkdir. Siyasi partiyalar hər il müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatları təqdim edəcəklər. Üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı da maliyyə hesabatında göstəriləcəkdir. Partiyalar vəsaitdən imtina etdikdə məbləğ dövlət büdcəsinə qaytarılacaqdır.
Bununla belə, siyasi partiyaların ianə qəbul etmək hüququ da saxlanılır. Lakin siyasi partiyaların ayrı-ayrı dövlət, bələdiyyə orqanları, xarici dövlət və xarici hüquqi şəxs, əcnəbi və vətəndaşlığı olmayan şəxs, yetkinlik yaşına çatmayan, hərbi hissə, ictimai birlik, fond, dini qurum və hüquqi şəxs tərəfindən maliyyələşdirilməsi, ianələr qəbul etməsi bu qanunla qadağan edilir.
Siyasi partiya yaratmaq üçün isə ən azı 1000 imza toplanmalıdır.
Müzakirələr zamanı deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsinə təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiq edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU