İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 sentyabr 2016 | 05:09   
Paylaşın:        
Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
 Komitə sədri Ziyad Səmədzadə 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin gördüyü işlər və 2016-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı barədə məlumat verdi. Bildirdi ki, hesabat dövründə komitənin 18 iclası keçirilmiş, 76 məsələ, o cümlədən 75 qanun layihəsi müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunmuş və qəbul edilmişdir. Payız sessiyasında da bir sıra qanunlara dəyişikliklər ediləcək, ölkəmizdə aparılan iqtisadi islahatlara uyğun olaraq yeni qanun layihələri qəbul olunacaqdır.  
Komitə sədri diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə “Kredit  büroları haqqında” qanun layihəsi daxil olub. Onun sözlərinə görə, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
 Qanun layihəsi barədə məlumat verən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı diqqətə çatdırdı ki, beynəlxalq təşkilatlarla birlikdə 5 ildən artıqdır ki, hökumət bu qanun layihəsi üzərində işləyir. Bildirdi ki, kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazası olacaq. Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti fəaliyyət göstərir. Kredit bürolarını bu xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.
 Rüfət Aslanlı qeyd etdi ki, qanun qəbul edilərsə, bir il sonra Azərbaycanda kredit büroları fəaliyyətə başlaya bilər. Onun fikrincə, kredit bürolarının fəaliyyəti bankların xərclərini azaldacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək ki, bu da bankların risklərini azaldacaq.
Məsələ barədə danışan komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Ağalar Vəliyev, Tahir Mirkişili, İlham Əliyev və Şəmsəddin Hacıyev qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd etdilər.
Müzakirələrdən sonra “Kredit  büroları haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.
İclasda bir sıra qanunlara dəyişikliklər də edildi. Bildirildi ki, Vergi Məcəlləsinə, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında”, “Poçt haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Aviasiya haqqında”  qanunlara edilən dəyişikliklər ölkə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir. İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələri də müzakirə olundu.
Müzakirələrin sonunda gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU