MİLLİ MƏCLİSDƏ AVROPA İTTİFAQI - AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Sentyabrın 20-də Milli Məclisdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirildi.
İclası açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumla ölkəmiz arasında dialoq aparılmasının vacibliyini vurğulayaraq Azərbaycanın regionda böyük nüfuza və qüdrətə sahib dövlət olduğunu xatırlatdı. Bildirildi ki, bu gün Azərbaycan bir sıra məsələlərdə bütün dünya üçün nümunədir. Azərbaycan Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərini qarşılıqlı hörmət, anlaşma əsasında davam etdirməyə, bunun üçün açıq fikir mübadiləsi aparmağa hazırdır. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olmalıdır.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Səyyad Kərim burada onlar üçün yaradılan şəraitdən, göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə etdi. O, Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətindən danışdı. Bu platforma çərçivəsində keçirilən görüşlərin və konstruktiv dialoqun yaxşı nəticə ilə yekunlaşacağına ümidvar olduğunu bildirdi. Əlavə etdi ki, bu əməkdaşlıq və faydalı dialoq xalqlarımızın ümumi maraqlarına xidmət edəcək. Qonaq çıxışında qeyd etdi ki, parlamentlərimiz arasında olan ortaq dəyərlər, uzunmüddətli münasibətlər hər birimizin inandığımız məsələlərdir. Azərbaycan Avropa İttifaqı üçün mühüm bir ölkədir və biz münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik. Səyyad Kərim ölkəmizlə Avropa xalqlarının yaxınlığını təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini bəyan etdi.
Komitənin 13-cü iclasının gündəliyinə komitənin 12-ci iclasının steneqramının təsdiqi, Avropa İttifaqı - Azərbaycan ikitərəfli münasibətləri, əhəmiyyətli islahatlar və inkişaf, Parlament Əməkdaşlıq Komitəsinin gələcək fəaliyyətinin istiqaməti məsələləri daxil edilmişdi.
Sonra iclasda Avropa İttifaqı və Avropa Parlamenti ilə ölkəmiz arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıldı.
Milli Məclisin
Mətbuat xidməti