Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirildi

Komitə iclasları
21 sentyabr 2016 | 06:09   
Paylaşın:        
Sentyabrın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. 
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, 2016-cı ilin yaz və növbədənkənar sessiyalarında komitədə 9 qanun layihəsinə baxılıb, onlardan 7-si Milli Məclisdə qəbul edilib. Qalan 2 qanun layihəsi isə payız sessiyasında müzakirəyə çıxarılacaq. 
Ziyafət Əsgərov bildirdi ki, bugünkü iclasın gündəliyinə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”  məsələlər daxildir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” adlı iki yeni maddənin əlavə olunması təklif edilir. Bu əlavələrin edilməsi BMT-nin Korrupsiya əleyhinə beynəlxalq Konvensiyasının tələblərindən irəli gəlir. 
Mülki Prosessual Məcəlləyə isə terrorçuluğun maliyyəşədirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 305.1.14-cü maddənin əlavə olunması təklif edilir.
Çıxış edən komitə üzvləri hər iki qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər. Bildirildi ki, bu dəyişikliklər korrupsiyanın və terrorçuluğun qarşısının alınmasında mühüm əhəmiyyətə malikdirlər.  
Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU