AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
21 sentyabr 2016 | 05:09   
Paylaşın:        

Sentyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri  komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq gündəlik barədə məlumat verdi.
Komitə sədri əvvəlcə cari ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə danışdı. Bildirildi ki, hesabat dövründə  komitənin 4 iclası keçirilib. Bu iclaslarda Ailə Məcəlləsində, Əmək Məcəlləsində, habelə “Uşaq hüquqları haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklərin edilməsi, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiqi barədə sənədlər müzakirə olunub.
Məlumat verildi ki, yaz sessiyası ərzində komitənin ünvanına 220 məktub, təklif, ərizə və şikayət daxil olub. Müraciətlərin 101-i araşdırılmaq üçün aidiyyəti təşkilatlara göndərilib. Bu müddətdə komitənin sədri tərəfindən 94 nəfər vətəndaş qəbul edilib. Həmçinin komitə üzvləri də vətəndaşların qəbullarını keçirmiş, müxtəlif tədbir və görüşlərdə iştirak etmişlər.
Sonra Aqiyə Naxçıvanlı komitədə 2016-cı il payız sessiyası ərzində görüləcək işlər barədə söhbət açdı. Bildirildi ki, komitə üzvləri bu müddətdə “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi üzərində işləyəcək, bir sıra qanunlara dəyişiklikləri müzakirə edəcəklər. Komitənin təşkilatçılığı ilə, habelə aidiyyəti qurumlarla birgə yerli və beynəlxalq tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Deputatlar 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin fəaliyyətini və payız sessiyasının iş planını müsbət dəyərləndirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU