PARLAMENTDƏ ƏLİL GƏNCLƏRİN BEYNƏLXALQ YARADICILIQ FESTİVALI ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ KEÇİRİLDİ
Sentyabrın 22-də Milli Məclisdə “Şərq nağılı” – Əlil gənclərin birinci Beynəlxalq Yaradıcılıq Festivalı çərçivəsində görüş keçirildi.
Tədbiri açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bu gün fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların iş imkanlarını genişləndirmək məqsədilə Azərbaycanda çox işlər görülür. Komitə sədri ölkədə parolimpiya idman növlərinin geniş vüsət aldığını, bir neçə ildir ki, Sumqayıt şəhərində məxsusi olaraq bu idman növləri ilə məşğul olmaq üçün geniş idman kompleksinin fəaliyyət göstərdiyini dedi. O, Milli Məclis tərəfindən qəbul edilən bütün qanunlarda fiziki qüsurlu insanların hüquqları ilə bağlı maddələrin yer aldığını vurğuladı. Qeyd olundu ki, Bakı şəhərində yeni tikilən bütün yeraltı keçidlərdə və metro stansiyalarında əlillərin rahat hərəkəti üçün lazımi şərait yaradılıb.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkəmizdə inklüziv təhsilin inkişafı sahəsində görülən işlərdən, əlilliyi olan və fiziki qüsurlu insanların iş fəaliyyəti üçün həyata keçirilən dövlət proqramlarından söhbət açdı. Bu sahədə Belorus, Qazaxıstan, Qırğızıstan kimi ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğuladı.
Parlamentin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov çıxışında bildirdi ki, 20 ilə yaxındır ki, dünya parolimpiya çempionatlarında bizim gənclər də iştirak edir, müxtəlif yerlər tutur və Azərbaycan bayrağını göylərə qaldırır, himnimizin səsləndirilməsinə nail olurlar. O, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın əlilliyi olan və fiziki qüsurlu insanların təhsili, həyat şəraiti və fəaliyyətləri üçün ölkədə həyata keçirdiyi təmənnasız xidmətləri yüksək dəyərləndirdi.
Tədbirdə Milli Məclisin deputatı Çingiz Qənizadə, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İcraçı direktorunun müavini Elvira Dolya, Moskva Dövlət Humanitar İqtisad Universitetnin rektoru Vaqif Bayramov, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə BMT-in Əlillərin hüquqları haqqında Konvensiyasının 142 ölkə tərəfindən təsdiqləndiyini qeyd etdilər. Bildirildi ki, bu gün dünyada 1 milyard 180 milyon fiziki qüsurlu insan var. Əlillər cəmiyyətin ən həssas təbəqəsidir və bu sahə bütün dünyada dövlətin, ali məktəblərin, sivil cəmiyyətlərin marağında olmalıdırlar. Qeyri-hökumət təşkilatlarının bu məsələdəki rolu xüsusilə vurğulandı. Çıxışlarda mövcud problemlərdən də söhbət açıldı.
Daha sonra toplantıda QHT nümayəndələri, Gürcüstan, Litva, Belarus, Moldova respublikalarından gələn qonaqlar çıxış edərək əlilliyi olan gənclərin sosial inteqrasiyası, cəmiyyətə tam adaptasiyasının təşviqi, fiziki qüsurlu insanların hüquqlarının qorunması ilə bağlı problemlər, əlil insanların fəaliyyəti üçün imkanların artırılması barədə fikirlərini bildirdilər.
Sonda iştirakçıları maraqlandıran suallara Milli Məclisin deputatları tərəfindən aydınlıq gətirildi.
Milli Məclisin
Mətbuat xidməti