Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirildi

Sentyabrın 27-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. Əvvəlcə komitənin sədri Fuad Muradov sentyabrın 26-da ölkəmizdə uğurla keçirilmiş referendum münasibətilə təbriklərini çatdırdı. Sonra iclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.
Fuad Muradov bildirdi ki, hesabat dövründə bir sıra qanunlara dəyişikliklər edilmiş, komitə xətti ilə bir sıra tədbirlər keçirilmişdir. Dövr ərzində komitəyə 133 müraciət daxil olmuş, həmin müraciətlər tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilmişdir.
Sonra Fuad Muradov Gənclər və idman komitəsinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Diqqətə çatdırdı ki, payız sessiyasında “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında”, “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihələri müzakirə olunacaq, həmçinin “Gənclər siyasəti haqqında” və bir sıra digər qanunlara əlavə və dəyişikliklər ediləcəkdir.
Çıxış edən komitə üzvləri Əli Hüseynli, Ülvi Quliyev, Rövşən Rzayev, Adil Əliyev və Sevinc Hüseynova işlər planını yüksək qiymətləndirdilər, ölkəmizdə idmanın gələcək inkişafı üçün komitənin görə biləcəyi işlərdən danışdılar.
Bununla da komitənin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti