İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
28 sentyabr 2016 | 07:09   
Paylaşın:        
Sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.
Dəyişikliklər barədə məlumat verən Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirdi ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Belə ki, Mərkəzi Bankın funksiyalarına “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditin verilməsi də daxil edilib.
 “Dövlət borcu haqqında” qanuna da yeni maddənin əlavə edilməsi təklif olunur. Belə ki, qanuna əlavə edilmiş 3.4-1-ci maddəyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” qanun ilə tənzimlənəcək.
 Dəyişikliklər bu qanunların “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğunlaşdırılması məqsədi ilə edilir.
Sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Komitə sədri Ziyad Səmədzadə məlumat verdi ki, “Büdcə sistemi haqqında” qanunda da dəyişiklik edilməsi nəzərdə tutulub.
 Belə ki, qanuna əlavə edilməsi təklif olunan 27.6-cı maddəyə əsasən, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə olunmamasına görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
 Digər dəyişikliklərə görə isə, dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmamasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Məlumat verildi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna təklif olunan dəyişikliklər isə Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək(2013-cü il yanvarın 1-dək) inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələsini asanlaşdırmaq məqsədi daşıyır. 
Çıxış edən komitə üzvləri Vahid Əhmədov, İlham Əliyev və Aydın Hüseynov qanunlara təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər. Müzakirələrdən sonra hər iki qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da   Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatdı. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU