PARLAMENTDƏ “QADINLARIN SƏLAHİYYƏTLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİNDƏ VƏ QADINLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏDƏ PARLAMENTARİLƏRİN ROLU” ADLI SEMİNAR KEÇİRİLDİ

Tədbirlər
28 sentyabr 2016 | 05:09   
Paylaşın:        

Sentyabrın 28-də Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminarı keçirildi.
Seminarı Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin   sədr  müavini, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova  açdı. O, nitqində  bildirdi ki, təşkilatın  “Zorakılıqdan Azad Qadınlar” Parlament Şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin üzvləri AŞPA üzvü olan və qurumda müşahidəçi qismində təmsil olunan dövlətlərin, demokratiya naminə tərəfdaşların təmsilçilərindən ibarətdir. Sahibə Qafaova AŞPA-nın baş məruzəçisi və şəbəkənin siyasi koordinatoru olaraq da növbəti tədbirin Azərbaycanda keçirilməsinə qərar verdiyini və tədbirin keçirilməsinə şərait yaradılmasına görə Milli Məclis rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd  olundu ki, bu gün parlament şəbəkəsinin 80-dən artıq üzvü var. Şəbəkənin əsas məqsədi qadınlara qarşı zorakılıqla mübarizə aparmaq, İstanbul konvensiyasının imzalanmasına və ratifikasiyasına təkan verməkdir.
Məruzəçi  onu da  vurğuladı ki,  tədbir Azərbaycanda çox mühüm ərəfəyə təsadüf edib. İki gün öncə Azərbaycanda referendum keçirildi və Azərbaycan xalqı növbəti dəfə ölkə rəhbərliyinin çağırışına səs verdi, referendumda Konstitusiyaya edilən dəyişikliklərə öz müsbət münasibətini ifadə etdi. Referendumu müşahidə edənlər arasında bugünkü tədbirə qatılan 8  nəfərdən ibarət AŞPA Müşahidə Missiyasının üzvlərinin olduğu vurğulandı. 
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxışında bildirdi ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var. Dəfələrlə bu mövzu ətrafında müzakirələr aparılıb, qadınların səlahiyyətlərinin genişləndirilməsi və gender amilinin nəzərə alınmasının, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi bütün imkanlardan eyni şəkildə istifadəsinin yolları  axtarılıb, bununla bağlı dünya təcrübəsi öyrənilib, Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübələr barədə danışılıb.
Vitse-spiker qeyd etdi ki, bu mövzu Azərbaycan cəmiyyəti üçün yeni deyil. Cəmiyyətimiz artıq bu istiqamətdə dövlət, parlament səviyyəsində, həm də ictimai orqanlar çərçivəsində çoxillik təcrübəyə, müsbət nəticələrə malikdir. Konstitusiya qadınlara böyük hüquqlar verir. Bununla yanaşı, Azərbaycan qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin bütün növlərini pisləyən beynəlxalq konvensiyaların hamısına qoşulub. Avropa Şurasının qəbul etdiyi konvensiyanın ətrafında müzakirələr Azərbaycanda son illər xeyli genişlənib. Bahar Muradova onu da əlavə etdi ki, Azərbaycanda qadınların siyasi partiyalarda təmsilçiliyinin artırılması istiqamətində ciddi iş aparılır və bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub. Məhz bunun nəticəsində yerli özünüidarəetmə və parlament seçkilərində qadınların iştirakı artıb. Yerli qurumlarda qadınların təmsilçiliyi dörd faizdən otuz faizə qədər çoxalıb. Bu, dövlətin bu sahədə apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələyə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq həmin kampaniyaya dəstəyin nəticəsidir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Azərbaycanda qadın hüquqlarının müdafiəsi, onların hüquqlarının genişləndirilməsi və qadın zorakılığına qarşı mübarizədə görülən  işlərə  toxundu. Dövlətimizin bu istiqamətdəki təcrübəsini  yüksək  qiymətləndirən komitə  sədri bu müzakirələrin həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli olacağına əminliyini bildirdi.
Sonra   toplantıda  çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda zorakılıqla bağlı vəziyyət daha yaxşıdır. O, qadınlara qarşı zorakılıq hallarının komitəni ən çox narahat edən problemlərdən biri olduğunu  diqqətə  çatdırdı. Qeyd  olundu ki, problemin həlli ilə bağlı görülən işlər davamlı olmalıdır. Çünki, hər  bir qabaqcıl, eləcə də geridə qalan cəmiyyətlərdə də bu problem mövcuddur.  Bu məsələ hər  kəsə  və hər  ailəyə  təsiri olan  problemdir. O,  zorakılıqla bağlı maarifləndirmə və profilaktik işlərin gücləndirilməsinin  vacibliyini  vurğuladı. “Gələcəyə Baxış: 2020” konsepsiyasına əsasən, “Ailə strategiyası”, “Qadınların milli fəaliyyət planı”, “Uşaq strategiyası” kimi  sənədlərin hazırlanacağını, ailə psixoloqu institutunun formalaşacağını, komitədə  bununla  bağlı sənədlər üzərində iş getdiyini  bildirdi.
Sonra seminarın “Qadınların  səlahiyyətlərinin  genişləndirilməsi -qadınlara   qarşı  zorakılığın hüquqi  və  iqtisadi  ölçüləri” mövzusunda  1-ci  hissəsi Milli  Məclisin deputatı Məlahət  İbrahimqızının moderatorluğu  ilə  davam  etdirildi.  Bu hissədə Milli Məclisin Ailə, qadın və uşaq  məslələri  komitəsinin  sədri Aqiyə Naxçıvanlı, komitə  sədrlərinin müavinləri Rövşən Rzayev, Musa Quliyev, deputat Elman Nəsirov, Konstitusiya Məhkəməsinin hakimi, Avropa Şurasının İşgəncələrə qarşı komitəsinin üzvü Ceyhun Qaracayev, gender və  məişət zorakılığı üzrə albaniyalı ekspert Monika Koçaqi “Qadınların səlahiyyətlərinin genişləndirilməsində Azərbaycan parlamentinin rolu”, “İstanbul  Konvensiyası  güclü  hüquqi alət kimi”,  “İqtisadi  zorakılıq məişət zorakılığının bir  növü  kimi” mövzularında  çıxışlar  etdilər, problemlə əlaqədar  fikirlərini  bildirdilər.
Fasilədən sonra seminarın ikinci hissəsi davam etdirildi. Burada  İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin sədri Yelena Çentemero, Avstriya  parlamentinin  üzvü Qizela Vurm, Monako parlamentinin  üzvü Beatris Fresko-Rolfo, Andorra parlamentinin üzvü Silvia Bonet, Avropa  Şurasının Bosniya-Hersoqovinadan olan eksperti İsmeta Dervoz müzakirə  edilən məsələyə  münasibət  bildirdilər, öz  ölkələrinin  təcrübələrindən  danışdılar. 
Sonra Sahibə Qafarova yekun sözü söylədi.  Bununla da  seminar öz  işini  başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU