KOLUMBİYA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Tədbirlər
29 sentyabr 2016 | 07:09   
Paylaşın:        
Sentyabrın 29-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 
V Beynəlxalq Humanitar Forumun ölkələrarası münasibətlərin dərinləşməsinə münbit şərait yaratdığını deyən Ziyafət Əsgərov beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə və Kolumbiya Senatında Xocalı soyqırımı barədə qəbul olunmuş qərara görə Kolumbiya dövlətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycan iqtisadi inkişafına görə və tolerantlıq baxımından regionda lider dövlətdir. Bu məsələlər Forumda geniş müzakirə olunacaq və iştirakçılar Azərbaycanı daha yaxından tanıyacaqlar. 
Qeyd olundu ki, iki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün potensial kifayət qədərdir. 
Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və  Xocalı soyqırımı barədə məlumat verdi. 
Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendes öz növbəsində ölkəsinin V Beynəlxalq Humanitar Foruma dəvət olunmasına görə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, Kolumbiyada Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər. Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən çox əziyyət çəkmiş ölkədir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparıldı. 

Milli Məclisin
Mətbuat  xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU