MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA İLK PLENAR İCLASI KEÇİRİLDİ
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sədr payız sessiyasının başlanması münasibəti ilə təbriklərini çatdırdı və dedi: “Payız sessiyasına yüksək əhval-ruhiyyə ilə başlayırıq. Bu günlərdə ölkəmizin siyasi həyatında çox mühüm bir hadisə baş vermişdir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir.
Bütün yerli və xarici müşahidəçilərin rəyinə görə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə keçmişdir. Bu səsvermə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətə xalqın güclü dəstəyini nümayiş etdirmişdir. Yeri gəlmişkən, referendumun keçirilməsində xidmətləri olan bütün deputatlara dərin minnətdarlığımı bildirirəm.
Hörmətli deputatlar, Milli Məclisin ötən yaz və növbədənkənar sessiyalarında fəaliyyətinə gəlincə, parlamentin Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Bu dövr ərzində 15 iclas keçirilmiş, 196 qanun və qərar qəbul edilmişdir.
Parlamentin beynəlxalq əlaqələri daha da inkişaf etdirilmişdir. Milli Məclisin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.
Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 33 ölkəyə 85 səfər həyata keçirilmiş, 26 xarici dövlətin və 8 beynəlxalq təşkilatın 35 nümayəndə heyəti Milli Məclisdə olmuşdur.
Millət vəkillərimiz Rusiyada, Qazaxıstanda və Belarusda keçirilən parlament seçkilərini, Tacikistanda keçirilən referendumu müşahidə etmişlər.
Hörmətli deputatlar, ötən dövrdə Avropa Parlamenti ilə Milli Məclis arasında münasibətlərin inkişafı ilə bağlı olan əhəmiyyətli hadisələr baş vermişdir. Bildiyiniz kimi, 2015-ci ilin sentyabr ayında Avropa Parlamenti Azərbaycan barəsində obyektivlikdən uzaq olan qərəzli bir qətnamə qəbul etmişdi. Milli Məclis bununla bağlı öz qərarını vermiş və o dövrdən Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində və eləcə də Avronest Parlament Assambleyasında öz iştirakını dayandırmışdı və bir il ərzində onların heç bir tədbirində iştirak etməmişdik. İl ərzində dəfələrlə Azərbaycan Parlamentinə müraciətlər olmuş, şəxsi səfərlər olmuş, bu məsələləri qaydaya qoymaq üçün cəhdlər olmuşdu.
Ancaq sonuncu belə səy sentyabr ayının 19–21-də Avropa Parlamentinin qərarı ilə 15 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyətinin Azərbaycana səfəri olmuşdur.
Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etdi. Dövlət başçısı həmin nümayəndə heyətinə öz qəti iradlarını bildirdi, Avropa Parlamenti ilə əlaqələrin bərpa edilməsi və bu əlaqələrin qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında inkişaf etdirilməsi barədə mülahizələrini söylədi.
Ümumiyyətlə, payız sessiyası qısa olsa da, çoxlu müzakirə edilməli məsələlər var. Bu sessiyada biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və digər sənədləri müzakirə və qəbul edəcəyik”.
Sonra iclasda cari məsələlərin müzakirəsinə başlandı. Çıxış edən deputatlar Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Fazil Mustafa, Bəxtiyar Əliyev, Elmira Axundova, Asim Mollazadə, Araz Əlizadə və Aqil Abbas seçiciləri narahat edən məsələləri diqqətə çatdırdılar. Milli Məclisin Sədri Oqtay Əsədov deyilən fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
Əvvəlcə deputatlar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununu ikinci səsvermədə təsdiq etdilər.
Sonra Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqında məsələyə baxıldı. Deputatlar Cavid Osmanov Milli Məclisin Regional məsələlər komitəsinin, Kamran Nəbizadə gənclər və idman komitəsinin, Gövhər Baxşəliyeva isə Mədəniyyət komitəsinin üzvləri seçildilər.
Sonra millət vəkilləri Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planını, Azərbaycan Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair Anlaşma Memorandumunu, Azərbaycan Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Sazişi, Azərbaycan Hökuməti ilə İsveç Krallığı Hökuməti, həmçinin Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyaları və onların Protokollarını, o cümlədən “Azərbaycan Respublikası ilə QİSÇ, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişini təsdiq etdilər.
İclasda Vergi Məcəlləsində, “Meliorasiya və irriqasiya haqqında”, “Mədəniyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Poçt haqqında”,
“Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Aviasiya haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanunda, “Yol hərəkəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlarda da dəyişikliklər edildi.
Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə və “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər digər qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Deputatların fikirləri dinlənildikdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edildi.
“Kredit büroları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazası olacaq. Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti fəaliyyət göstərir. Kredit bürolarını bu xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.
Sonra çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deputatların suallarına cavab verdi. Qeyd etdi ki, bu qanun qəbul olunduqdan sonra bankların risklərinin azalmasına kömək edəcəkdir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasda Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında Qərar layihəsi də müzakirə olundu. Avropa Parlamenti ilə əməkdaşlığın vəziyyəti barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov geniş məlumat verdi.
Sonra çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, istənilən beynəlxalq platforma bizim üçün vacibdir. Biz olmadığımız platformalarda ermənilər bundan istifadə edirlər. Düz bir ildir ki, biz Avronestdən çıxmışıq. Bir il ərzində Avronestin rəhbərləri 4 dəfə ermənilərin təkliflərini kənara qoyaraq Azərbaycan orada olmadığı üçün qəbul etməyiblər. Ona görə də biz çalışmalıyıq ki, beynəlxalq platformalarımızı itirməyək.
Sonra deputatlar Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın bərpa olunmasını özündə ehtiva edən Qərar layihəsini səsə qoyaraq qəbul etdilər.
Bununla da Milli Məclisin payız sessiyasındakı ilk plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti