İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
12 oktyabr 2016 | 05:10   
Paylaşın:        

Oktyabrın 12-də  Milli Məclisin İnsan  hüquqları komitəsinin payız  sessiyasında  ilk iclası  keçirildi.  İclası  açan Milli Məclis  Sədrinin müavini, komitə sədri  Bahar Muradova  əvvəlcə  parlamentin  yaz  və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı  təqdim etdi.
Bildirildi ki,  hesabat dövründə  komitənin 3  iclası keçirilib, 8 məsələyə baxılıb. Bu sessiyalar ərzində komitənin  təşəbbüsü və  təşkilatçılığı ilə  6 tədbir  keçirilib.  “Dövlət  qurumlarında  gənclər  strategiyası”, “Gənclik və qlobal çağırışlar” adlı görüşlər, “Xocalı soyqırımı Beynəlxalq hüquq müstəvisində”, “Yetkinlik yaşına  çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin  təkmilləşdirilməsi” mövzusunda dəyirmi masalar,  “Təmas  xəttində  son hadisələr”, “18 iyun – Azərbaycan Respublikasında İnsan hüquqları günüdür” mövzusunda dinləmələr  bu qəbildəndir. 
Bahar Muradova onu  da  vurğuladı ki,  hesabat  dövrü ərzində  komitəyə vətəndaşlardan,  idarə  və  təşkilatlardan daxil olmuş 802 ərizə  və məktuba  baxılmış,  qaldırılan məsələlərin müsbət  həlli  üçün  lazımi  tədbirlər  görülmüşdür.  Bu  dövrdə  komitə  sədri  və üzvləri  tərəfindən  vətəndaşların  qəbulu keçirilmiş, onların müraciətləri araşdırılmış, tədbir  görülmək  üçün  aidiyyatı  təşkilatlara  göndərilmişdir.  Komitə  üzvləri ölkə  daxilində  və  xaricdə  xidməti  ezamiyyətlərdə olmuş,   insan  hüquqlarının  qorunmasına  həsr  olunan  seminar  və konfranslarda Azərbaycan parlamentini layiqincə  təmsil  etmişlər.
  Çıxış edən millət vəkilləri Yevda Abramov, Əflatun Amaşov, Hikmət Məmmədov, Astan Şahverdiyev, Tahir  Kərimli, Elman Nəsirov, Flora  Qasımova, Sona  Əliyeva komitənin ötən dövrdə məhsuldar  işlədiyini, qəbul edilən qanunların cəmiyyət üçün əhəmiyyətli olduğunu, keçirilən  tədbirlərin  vacibliyini  dilə  gətirdilər,  komitənin  fəaliyyətini qənaətbəxş hesab  etdiklərini   qeyd  etdilər.
Komitədə   payız  sessiyası ərzində  görüləcək qanunvericilik işləri planı  təsdiqləndi.
Sonra iclasın gündəliyinə  daxil  edilmiş  “Dini  etiqad  azadlığı  haqqında” və “Kütləvi  informasiya  vasitələri  haqqında”  qanunlarda   dəyişikliklər  edilməsi  barədə  sənədlər müzakirə  edildi. Bahar Muradova  bildirdi ki, hər  iki qanun layihəsində  aparılan  dəyişikliklər  “Dini ekstremizmə qarşı mübarizə  haqqında”  qanuna  uyğunlaşdırılmaq  məqsədi  daşıyır.  Bu   yeniliklərə  əsasən  dini  ekstremist  fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək, dini ekstremizm əleyhinə  xüsusi  əməliyyatların  aparıldığı  zonalarda KİV işçilərinin  fəaliyyəti və ictimaiyyətə çatdırılan məlumatların forma  və həcmi  əməliyyat  aparan  orqan tərəfindən   müəyyən  ediləcək. 
Müzakirələrdən  sonra  hər  iki sənəd  Milli Məclisin plenar  iclasına  tövsiyə  edildi.


Milli Məclisin
Mətbuat  xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU