AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
14 oktyabr 2016 | 04:10   
Paylaşın:        
Oktyabrın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. 
Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi daxil edilib. Sazişə əsasən, tərəflər öz ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin meydana gəlməsi, həmçinin onlara qarşı mübarizə və nəzarət metodları ilə bağlı məlumatları mübadilə edəcəklər.
Layihə barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə bildirdi ki, Saziş 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmışdır və 12 maddədən ibarətdir. Sazişə əsasən Azərbaycan və İran karantin tətbiq edilən zərərli orqanizmlərin digər tərəfin ərazisinə keçməsinin qarşısının alınması üçün təftiş zəruri olduqda laboratoriya müayinələri, bitki və bitkiçilik məhsullarının və onların nəqliyyat vasitələrinin işlənməsi kimi lazımi tədbirləri həyata keçirmək üçün bütün vasitələrdən istifadə edəcək.
 Tərəflər öz ərazisinə genetik modifikasiya olunmuş bitkilərin və zərərvericilərin bioloji mübarizə agentlərinin daxil olmasını məhdudlaşdırmaq və ya qarşısını almaq hüququna malikdirlər.
Çıxış edən deputatlar Eldar Quliyev, Cavanşir Paşazadə və Tahir Süleymanov Sazişi yüksək qiymətləndirdilər və onun təsdiqlənməsinin vacibliyindən danışdılar. 
 Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU