AZƏRBAYCAN HƏQİQƏTLƏRİ AVSTRALİYA PARLAMENTİNDƏ SƏSLƏNDİRİLMİŞDİR
Xəbər verildiyi kimi, bu il sentyabrın 26-da ölkə Konstitusiyasında dəyişikliklərin edilməsi ilə əlaqədar ümumxalq səsverməsini müşahidə etmək üçün Avstraliya İttifaqı Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Nümayəndə heyətinin tərkibinə Parlamentin senatoru Bək Kristofer Con, Nümayəndələr Palatasının üzvü Kelli Kraig Robert və Qərbi Avstraliya Parlamentinin deputatı xanım Elizabet Behjat daxil idilər.
Oktyabrın 13-də Qərbi Avstraliya Parlamentinin üzvü Elizabet Behjat ölkəmizə səfəri barədə Parlamentdə çıxış etmişdir. O, öz çıxışında bildirmişdir ki, referendumla əlaqədar seçki prosesini izləmək üçün Avstraliya nümayəndə heyəti Azərbaycanda 20 seçki məntəqəsində olmuş, prosesin tam şəffaf, azad şəkildə keçirildiyini müşahidə etmişlər. Çox yüksək səviyyədə təşkil edilən ümumxalq səsverməsi demokratik şəraitdə keçirilmişdir. Referendumun nəticəsinə görə, Konstitusiyanın 23 maddəsinə dəyişiklik edilmiş, 6 yeni maddə isə əlavə olunmuşdur.
Xanım Elizabet Behjat Azərbaycan haqqında danışarkən bildirmişdir ki, ölkə ərazisinin böyük bir qismi Ermənistan tərəfindən işğal olunmuş, bunun nəticəsi kimi ölkədə çoxlu sayda qaçqın və məcburi köçkünlər əmələ gəlmişdir. Bu məsələ Azərbaycan və Avstraliya xarici işlər nazirlərinin son Nyu-York görüşündə də müzakirə edilmişdir.
Elizabet Behjat ölkə Prezidenti İlham Əliyevin xalq tərəfindən sevildiyini xüsusi vurğulayaraq qeyd etmişdir ki, hələ Heydər Əliyev dönəmində Qafqazın bu bölgəsində müasir, demokratik Azərbaycan yaradılmışdır. Xalq onun xatirəsini dərin ehtiram hissi ilə yad edir. Biz Heydər Əliyev Mərkəzində olarkən bunun canlı şahidi olduq.
Bakı haqqında danışan avstraliyalı deputat ölkə paytaxtını modern və tarixi bir şəhər kimi xarakterizə edərək, onun əla təbiəti və maraqlı memarlığı olduğunu söyləmişdir. Bildirilmişdir ki, Bakı son dövrdə beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Belə ki, ölkə paytaxtı 2013-cü ildə möhtəşəm Avroviziya mahnı yarışmasına, 2015-ci ildə isə İlk Avropa Oyunlarına ev sahibliyi etmişdir. Bu tədbirdə 40-dan çox Avropa ölkəsinin nümayəndələri iştirak etmişlər. 2020-ci ildə Futbol üzrə Avropa Çempionatının bəzi oyunları Azərbaycanda keçiriləcəkdir. Bu, ölkənin beynəlxalq miqyasdakı artan nüfuzundan xəbər verir.
Elizabet Behjat xüsusi vurğulamışdır ki, Azərbaycan xalqı çox yüksək mədəniyyətə və qədim tarixə malik olan bir xalqdır. Əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etsə də, burada başqa dinlərə mənsub xalqlara – xristianlara, yəhudilərə böyük hörmətlə yanaşılır. Tolerantlıq və multikulturalizm kimi dəyərlər bu xalqa xas xüsusiyyətlərdir.
Azərbaycan yaxın günlərdə öz Dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Avstraliyada da bu tarixi hadisə qeyd olunacaqdır. Bu tədbirlərə qatılmaq üçün ölkəmizə bu günlərdə Azərbaycan parlamentinin nümayəndə heyəti səfər edəcəkdir.
Milli Məclisin
Mətbuat xidməti