MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 14-də Milli Məclisin payız sessiyasında ikinci plenar iclası keçirildi. İclasa Spiker Oqtay Əsədov sədrlik edirdi. Gündəlik təsdiqləndikdən sonra müzakirələr başlandı.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh etdi.
Fikir mübadiləsində deputatlar son illər ölkəmizdə bu sahədə mühüm addımlar atıldığını, Prezident İlham Əliyevin korrupsiyaya qarşı ciddi siyasi iradə nümayiş etdirdiyini, parlamentin həmin mübarizəni qanunvericilik bazası ilə təmin etdiyini vurğuladılar. Layihə səsə qoyuldu və qanun qəbul edildi.
Növbəti məsələni təqdim edən I vitse-spiker bildirdi ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda edilmiş dəyişikliklər müvafiq qaydada Mülki Prosessual Məcəllədə öz əksini tapmalıdır. Parlamentin müzakirəsinə verilmiş layihədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulmasının hüquqi əsasları müəyyənləşdirilib.
Milli Məclis Mülki Prosessual Məcəllədə edilən bu dəyişikliyi məqsədəuyğun saydı.
Sonra parlamentə bir zərfdə daxil olmuş üç qanun layihəsinə baxıldı. Bildirildi ki, “Təhsil haqqında” qanunda AMEA-da magistraturanın yaradılması təsbit edildiyinə görə, yeni qanunlar ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərinin, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bu elmi təşkilatda da təhsil haqqından azad edilməsini nəzərdə tutur. Layihələrə dair Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin şərhləri dinlənildikdən sonra müzakirələr başlandı.
Deputatlar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlara təklif olunan dəyişiklikləri əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlərin davamı kimi yüksək qiymətləndirdilər. Rəy və təkliflər səsləndi. Geniş müzakirələrin yekununda hər üç qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Sonra parlament Əmək Məcəlləsində əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsini əhatə edən dəyişikliyə razılıq verdi.
Deputatlara məlumat verildi ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunu və İnzibati Xətalar Məcəlləsini təkmilləşdirmək məqsədi ilə qanunun 20-ci, məcəllənin isə 602-ci maddəsinə redaktə xarakterli bəzi dəyişikliklər edilir.
Səsvermə zamanı parlament qanun layihələrinə müsbət münasibət bildirdi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə plenar iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Dövlət borcu haqqında” qanunlardakı dəyişikliklərə dair layihələri təqdim etdi.
Səsvermə zamanı deputatlar həmin dəyişiklikləri məqsədəuyğun saydılar.
İclasda çox vacib məsələyə dair üç qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində “barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin başa çatması barədə məlumat verilib-verilməməsini müəyyən etməyə imkan verən mexanizmin müəyyənləşdirilməsi nəzərdə tutulur”. Məqsəd vətəndaşı narahat edən, məskunlaşmaya əngəl yaradan, habelə şəhərlərin görkəminə ciddi xələl gətirən problemlərin həlli üçün tikinti sahəsində pərakəndəliyin və özbaşınalığın qarşısını almaqdır. Qeyd olundu ki, Şəhərsalma və Tikinti Məcəlləsində edilən bu dəyişiklik İnzibati Xətalar Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda müvafiq dəyişikliklərin aparılması zərurətini meydana gətirir.
Milli Məclis həmin məsələlərin üçünə də müsbət münasibət bildirdi.
Sonra deputatlar “Dövlət rüsumu haqqında” qanunda günün tələbindən irəli gələn bəzi dəyişikliklərə dair iki qanun layihəsinə razılıq verdilər.
İclasda “Büdcə sistemi haqqında” qanunda, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, eləcə də “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair məsələlərə baxıldı və qəbul edildi.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsinə dair növbəti qanun layihələri məcəllənin 450-ci, 319-cu, 221-ci, 428-ci maddələrini əhatə edir. Həmin sənədlərdə aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısı, şəhərdaxili nəqliyyatda sərnişindaşımanın biletlə deyil, müvafiq qaydada ödəniş aparmaqla həyata keçirilməsi, dərman vasitələrinin qanunsuz dövriyyəsinin və reklam haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması kimi vacib məsələlər tənzimlənir.
Parlament İnzibati Xətalar Məcəlləsində zərurət duyulan bu dəyişiklikləri dəstəklədi.
Sonra komitə sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanunda dəyişikliyi ehtiva edən iki qanun layihəsini təqdim etdi. Bildirildi ki, Azərbaycanın dövlət başçısının fəaliyyətini təmin edən orqanların işinin səmərəliliyini təşkil etmək məqsədilə, həmçinin ölkədə Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında 14 dekabr 2015-ci il tarixli Prezident Fərmanı ilə əlaqədar bu qanuna müvafiq dəyişikliklər tətbiq olunur.
Milli Məclisdə hər iki qanun qəbul olunduqdan sonra deputatlara yeni təsis edilən “Şücaətə görə” medalı barədə ətraflı məlumat verildi. Bildirildi ki, müstəqillik dövründə ölkəmizdə bir çox orden və medallar təsis olunub. Hərbi sahədə şücaətə görə nəzərdə tutulan yeni medal həmin təltiflərə çox dəyərli əlavədir.
Millət vəkilləri yeni medalın təsisini dəstəklədilər. Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda da müvafiq dəyişiklik aparıldı.
Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər də məqbul sayıldı.
Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev “Dərman vasitələri haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh etdikdən sonra bu sənəd də səsə qoyuldu və qəbul edildi.
Plenar iclasın yekununda İnzibati Xətalar Məcəlləsində daha bir dəyişikliyə dair qanun layihəsinə baxıldı. Bildirildi ki, məqsəd məcəllənin “Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmasıdır. Belə ki, maliyyə monitorinqi orqanının aktivlərin dondurulmasına dair qərarı mütləq icra olunmalıdır. Həmin qərar icra olunmadıqda İnzibati Xətalar Məcəlləsində vəzifəli və hüquqi şəxslər üçün ciddi cərimə sanksiyaları nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Bununla da 28 məsələyə baxan Milli Məclis bugünkü iclasını başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti