MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Oktyabrın 18-də Mədəniyyət komitəsinin iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov bu əlamətdar gün – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə deputat həmkarlarını təbrik etdi. Milli istiqlalımızın tarixi əhəmiyyətindən söz açdı. Müstəqilliyimizin qorunmasında və dönməz xarakter almasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etdi.
Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verdi. Bildirdi ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” qanun layihələrinə dəyişikliklər edilməsi zərurəti meydana çıxıb. Bu zərurət “Dini ekstremizmə qarşı mübarizə haqqında” 4 dekabr 2015-ci il tarixli qanundan irəli gəlir.
Rafael Hüseynov qeyd etdi ki, müzakirəyə çıxarılmış qanun layihələrinə görə, dini ekstremizm əleyhinə əməliyyat aparılan zonada kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyənləşdiriləcək. Həmçinin aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə ötürüləcək məlumatlar da həmin orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək. Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılan zonada fiziki və hüquqi şəxslərə rabitə xidmətləri müvəqqəti dayandırıla bilər.
Komitə üzvləri təqdim olunan qanun layihələrinin dördünü də parlamentin plenar iclasına tövsiyə etdilər.
Sonra iclasda deputatlara YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası və Azərbaycanda bu Konvensiyadan irəli gələn müvafiq qanun layihəsinin hazırlanması zərurəti barədə ətraflı məlumat verildi. Mədəniyyət komitəsinin öz işini zamanın çağırışlarına uyğun qurması vacibliyi qeyd olundu. Zəngin qeyri-maddi mədəni irsimizi qorumaq üçün bir sıra yeni qanun layihələrinə ehtiyac olduğu vurğulandı. İlk növbədə “Xalq sənəti haqqında” qanun layihəsinin hazırlanması məqsədəuyğun sayıldı.
Milli Məclisin
Mətbuat xidməti