ÖLKƏMİZDƏ KREDİT BÜROLARI YARADILACAQ
Oktyabrın 21-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Kredit büroları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.
Komitənin sədri Ziyad Səmədzadə öncə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə təbriklərini çatdırdı. İclasda iştirak edən deputatlar təbriklərə qoşularaq ölkəmizin son 25 ildə keçdiyi yolu və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdilər.
Sonra komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev, Aydın Hüseynov, Cavid Qurbanov, Şəmsəddin Hacıyev ikinci oxunuşda müzakirəyə çıxarılmış “Kredit büroları haqqında” qanun layihəsinə dair rəy və təkliflərini açıqladılar. Bildirildi ki, kredit bürolarının yaradılması ölkədə maliyyə sisteminin sabitliyinin tənzimlənməsinə xidmət edəcək. Mükəmməl şəkildə hazırlanmış bu sənəd vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını yaxşılaşdıracaq, borc münasibətlərində maliyyə intizamını möhkəmləndirəcək.
Yeni qanunun mühüm əhəmiyyətini qeyd edən millət vəkilləri Azərbaycanda bank sisteminin sağlamlaşdırılması vacibliyinə də toxundular. Bildirildi ki, bank sektoru ölkə iqtisadiyyatının şah damarı, onurğa sütunudur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari ildən fəaliyyətə başlayan Maliyyə Bazarlarına Nəzarət Palatası, həmçinin Milli Məclisdə qəbul edilən yeni qanunlar bank sisteminin sağlamlaşdırılmasına kömək etməlidir. İnsanların banklardan asılılığı azaldılmalıdır.
“Kredit büroları haqqında” qanun layihəsi barədə deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı çıxışlara münasibət bildirdi, millət vəkillərini maraqlandıran məsələlərə aydınlıq gətirdi. Başçılıq etdiyi qurumun ötən müddətdə həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Bu qanun layihəsinin təkmilləşməsi istiqamətində verilən təkliflərə görə deputatlara və ekspertlərə təşəkkürlərini çatdırdı.
Fikir mübadiləsinin yekununda “Kredit büroları haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti