GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
24 oktyabr 2016 | 07:10   
Paylaşın:        
Oktyabrın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. 
Komitənin sədri Fuad Muradov bildirdi ki, gündəliyə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.
Komitə sədri məlumat verdi ki, bu gün bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir. Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq I oxunuş üçün hazır olduğunu söylədi.
 Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən Fuad Muradov qeyd etdi ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.
 Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apellyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər.
 
Çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, hazırda nazirliyin tərkibində Antidopinq Komissiyası fəaliyyət göstərsə də, o beynəlxalq antidopinq təşkilatları tərəfindən tanınmır. Ancaq yaranacaq yeni qurum beynəlxalq idman təşkilatları və antidopinq qurumları tərəfindən tanınacaq və onlarla bu sahədə sıx əməkdaşlıq ediləcək. Nazir bildirdi ki, yeni qanun layihəsi idmançılarımızın sağlamlığının qorunmasına xidmət edəcək. Buna görə də bu qanun layihəsinin tezliklə qəbul olunması məqsədəuyğundur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, bu komitənin üzvü Əli Hüseynli, deputatlar Ülvi Quliyev, Adil Əliyev, Şahin İsmayılov, Sevinc Hüseynova, Mahir Abbaszadə, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov və mütəxəssislər çıxış edərək qanun layihəsi ilə bağlı təkliflərini səsləndirdilər. Bildirdilər ki, qanun layihəsinin qəbul olunması idmandakı bir sıra narahatçılıqlara son qoyacaq. 
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda plenar iclasa tövsiyə olundu.
Sonra məlumat verildi ki, Azərbaycanda idman yarışlarında manipulyasiya və idman yarışlarının gedişatını və nəticəsini qəsdən dəyişdirmə ilə bağlı qadağalar və yeni cəzalar tətbiq olunur.
 “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə üçün təklif edilən 40-2 (İdman yarışlarının manipulyasiyası ilə mübarizə) maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır.
 Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən 192-2 (İdman yarışlarının manipulyasiyası) maddəsinə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3 000 manatdan 5 000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Cinayət-Prosessual Məcəlləsinə isə bununla bağlı texniki xarakterli dəyişikliklər təklif olunur.
 Müzakirələrdən sonra hər üç qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU