SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
26 aprel 2012 | 09:04   
Paylaşın:        

Aprelin 25-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası  keçirildi.  İclası açan komitənin sədri  Hadi Rəcəbli  bildirdi ki,  əvvəlcə iclasda   “Pasiyentin  hüquqları  haqqında” qanun layihəsi  birinci oxunuşda  müzakirə  ediləcək. 
Qanun  layihəsi barədə  Milli Məclis Aparatının Sosial  qanunvericilik şöbəsinin əməkdaşı  Məhəmməd  Bazıqov  məlumat verdi. Qeyd  olundu ki,  bu sənəd adından göründüyü kimi pasiyentin hüquqlarının təminatı, qorunması, sağlamlığa vurulmuş ziyanın müəyyən edilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Bildirildi ki, qanun  zəruri  tibbi yardım,  ilk yardımın standartları, tibbi müdaxilə, peşəkar tibbi sirr, tibbi xidmət, pasiyentin saglamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliyin diaqnozu, müalicə variantlarının araşdırılması, konsilium və sair  mühüm amilləri  özündə  ehtiva  edir. Qeyd  olundu ki,  4  fəsil, 32  maddədən ibarət olan  sənəddə  pasiyentin hüquqlarını irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Tibb müəssisəsində xəstələrə dini ayinlərin icrası üçün şərait də yaradılmalıdır.
Komitə  sədri  Hadi Rəcəbli  onu da  diqqətə  çatdırdı ki,  əhalinin sosial  müdafiə tədbirlərinin gücləndirilməsinə  xidmət  edəcək bu  sənəddə  pasiyentlərin hüquqlarının qorunmasının əsas prinsipləri, yaşamaq hüququnun təmin olunması, onlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi əksini tapıb. Pasiyentin tibb müəssisəsini və tibb işçisini seçmək hüququ, tibbi müdaxilə zamanı ruhi və fiziki tamlığının qorunmasını tələb etmək hüququ var.  Pasiyentlərə davranış motivlərinə görə hər hansı təsir olmayacaq, müalicənin planlaşdırılması və aparılmasında iştirak etmək hüququ veriləcək. Tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında pasiyentin özünün və ya onun qohumlarının xahişini yerinə yetirməsi qadağandır. Pasiyentin şəxsi həyatı toxunulmazdır və bu barədə  məlumat yalnız diaqnozun müəyyən edilməsi,  müalicə və ya xəstəyə qulluq prosesinin həyata keçirilməsi üçün vacib olarsa,  onun öz razılığı ilə verilə bilər.  Ətraflı  müzakirə  edildikdən sonra  sənəd  bəzi  mövcud  qüsurların  aradan qaldırılması  üçün yenidən işçi qrupuna  qaytarıldı.
Sonra  komitədə “Valideynlərini  itirmiş və valideyn  himayəsindən məhrum olmuş uşaqların  sosial müdafiəsi  haqqında”  qanuna  dəyişiklik edilməsi barədə sənədə baxıldı. Bu barədə məlumat verən komitə üzvü Sevinc  Hüseynova bildirdi ki, bundan  sonra  həmin uşaqlar  ödənişli ali və orta ixtisas təhsil müəssisələrində pulsuz, dövlət  hesabına oxuya biləcəklər. 
Daha  sonra  komitədə “Əhalinin sağlamlığının  qorunması  haqqında”  qanun layihəsinin  təkmilləşdirilməsi iə bağlı  dinləmələr  keçirildi.  Tədbirdə iştirak  edən beynəlxalq  ekspertlər   əhalinin sağlamlığı ilə bağlı bir  sıra  ərzaq  məhsullarının, o cümlədən, unun, şəkərin və südün  tərkibinin zənginləşdiriılməsinin vacibliyi  barədə fikirlərini bildirdilər.  Mövzu ilə əlaqədar  xüsusi slaydlar təqdim edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU