MİLLİ MƏCLİSDƏ ANA VƏ UŞAQ ÖLÜMLƏRİ MÖVZUSUNA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ

Tədbirlər
24 oktyabr 2016 | 07:10   
Paylaşın:        

Oktyabrın 24-də Milli Məclisin Səhiyyə komitəsinin Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə təşkil  etdiyi   “Azərbaycanda  ana sağlamlığı  və ailə  hüquqlarının  təşviqinin  milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda Dəyirmi masa keçirildi.
Tədbiri  açan  Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  ölkəmizdə  ailə  sağlamlığının  qorunması  sahəsində  görülən işlərdən,  bu  sahədə  qanunvericilik  bazasının  təkmilləşdirilməsindən  danışdı. O, bildirdi ki, Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülür. Qeyd  olundu ki, hər il dünyada yarım milyon ana  doğuş zamanı ölür.  50  faizi  Afrika qitəsində yaşayanların payına düşən  bu hadisələrin inkişaf etmiş ölkələrdə göstəricisi cəmi 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir.  Komitə  sədri  vurğuladı ki, əslində, bu ölümlərə təsir edən ciddi tibbi faktorlar var. Bu gün uşaq ölümlərinin əsas səbəbi sayılan pnevmaniya, malyariya kimi  xəstəliklər,  qida çatışmazlığı və  səhiyyə problemləri demək olar ki,  tamamilə  həll edilə bilən prosesdir. O, ölkəmizdə ana  və uşaq ölümləri göstəricilərinin tamamilə azaldığını diqqətə  çatdırdı, bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətinin həkimlərin üzərində  qalmasını  da  doğru  hesab  etmədiyini  bildirdi. Bu  sahədə  mübarizə  tədbirlərinin  gücləndirilməsinin vacibliyindən  söz  açdı.
Tədbirdə  iştirak  edən Milli Məclis Sədrinin müavini, İnsan  hüquqları  komitəsinin  sədri  Bahar Muradova qeyd etdi ki,  2000-ci ildə BMT  Baş  Məclisinin  keçirdiyi Minilliyin İnkişaf  Sammitində  dünyanın  qlobal  problemlərini  əks  etdirən  İnkişaf  Məqsədləri  adlı  sənəd  qəbul  edilmişdir.  Bu  sənədin  əsas  tutduğu  normalar və hədəflər   üzv  ölkələr  üçün  əsas  yol  xəritəsi oldu. Ölkəmizdə  ötən  dövr  ərzində  bu  məqsədlərin  həyata  keçirilməsində böyük  uğurlar  əldə  edilmişdir. Sağlamlıq və təhsil olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Belə  tədbirlərin sıx-sıx keçirilməsini  alqışlayan vitse-spiker diqqətin daha çox problemlərin həllinə yönəldilməli olduğunu və səylərin birləşdirilməsinə çalışmağın  vacibliyini  vurğuladı. Qeyd  olundu ki, hazırda ölkəmizdə səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunvericilik bazası mövcuddur. Bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü normativ  aktlar formalaşıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitə  tərəfindən  Ailə Strategiyası hazırlandığını, sənəddə   ailənin, qadınların və uşaqların  sağlamlığının qorunması kimi məsələlərin olduqca  əhatəli əks  olunduğunu diqqətə  çatdırdı. Hicran  Hüseynova  bu  sahədə  uğurlu  nəticənin  əsasını icra strukturları ilə qanunvericilik və məhkəmə sistemi arasında güclü əməkdaşlığın təşkil etdiyini bildirdi. O, ailə  hüquqlarının  qorunması,  qadın  sağlamlığının mühafizəsi  sahəsində Azərbaycanın təcrübəsinin bir çox ölkələrdə öyrənilməsi üçün  müraciətlər aldıqlarını qeyd  etdi.
 İclasda millət  vəkili, Avropa  Parlament  Forumunun  Əhali  artımı  və  İnkişaf  üzrə icra  komitəsinin üzvü  Məlahət  İbrahimqızı, Milli Məclisin Ailə, qadın  və uşaq  məsələləri  komitəsinin  sədri Aqiyə  Naxçıvanlı,  Səhiyyə komitəsinin sədr müavini Musa  Quliyev,  millət  vəkili Sahibə  Qafarova, Əhali artımı və İnkişaf üzrə  Avropa   Parlament  Forumunun  prezidenti  Urlika  Karlos, Forumun Baş  katibi  Neil Data və  başqaları çıxış  etdilər.
Çıxışlarda Azərbaycanda  reproduktiv  sağlamlıq,  bu  sahədə  qanunun  qəbulu  üçün lazımi  işlərin  görülməsi,  ailə  sağlamlığı  sahəsində  əldə  edilən uğurlar və problemlər,  reproduktiv  sağlamlığın   beynəlxalq  qaydaları haqqında  fikirlər  bildirildi.
 Toplantı müzakirələrlə  davam  etdirildi,   tədbirə  qatılan  həkimləri, QHT nümayəndələrini  maraqlandıran  suallara ətraflı cavablar  verildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU