SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
26 oktyabr 2016 | 07:10   
Paylaşın:        

Oktyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti  iclası  keçirildi. 
İclası  açan komitə  sədri Əhliman Əmiraslanov deputatları “İnsan orqan  və ya toxumalarının  transplantasiyası  haqqında” qanunda  dəyişiklik  edilməsi  barədə  sənədlə tanış etdi. O,  qeyd  etdi ki, bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür. 15 il əvvəl ölkədə insan orqan və toxumalarının transplantasiyası əməliyyatları yox  səviyyəsində olsa da, bu gün artıq qara ciyər, böyrək, bəzi orqan və toxumaların, gözün müxtəlif hissələrinin transplantasiyası əməliyyatları sıx-sıx həyata keçirilir. Yaxın gələcəkdə ölkədə ürək transplantasiyasının həyata keçirilməsi də mümkün olacaq. Komitə  sədri  vurğuladı ki, sənəddə dəyişiklik “Reklam haqqında” qanuna uyğunlaşdırmaq  məqsədilə aparılıb. Bildirildi ki, insan orqanlarının transplantasiyasına aid reklamın  yayılmasına qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında,  tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə icazə veriləcək.
Sonra komitə  üzvləri “Dərman   vasitələri  haqqında”  qanunda  dəyişikliklər  edilməsi barədə  sənədi  müzakirə  etdilər. Layihəyə əsasən, Azərbaycanda  həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Reklamverici reklam istehlakçısına və yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sertifikatın, preparatın dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, istifadəyə dair təlimatın, məlumat tədqiqatları haqqında sənədin surətlərini təqdim etməlidir.
Çıxış  edən millət  vəkilləri Musa Quliyev,  Rəşad Mahmudov, Rafiq  Məmmədhəsənov, Kəmaləddin Qafarov, Sədaqət Vəliyeva,  Kamilə Əliyeva  dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinin qadağan edilməsi ilə  bağlı  fikirlərini  bildirdilər. Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda “Psixoloji  yardım  haqqında”  qanun  layihəsinin ilkin müzakirəsi də  keçirildi. Sənəd  haqqında  ətraflı məlumat  verən  komitə  sədrinin müavini Musa  Quliyev  və Məlahət  İbrahimqızı bildirdilər ki,  bu qanun psixoloji yardım alan şəxslərin, psixoloqların hüquq və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Sənədə əsasən, vətəndaşlığı olmayan şəxslər də psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edə bilərlər. Psixoloji yardım alan şəxslərin arzusu ilə o, anonim göstərilə bilər. Sənədə əsasən psixoloq işləmək istəyən şəxsin klinik psixologiya üzrə magistr dərəcəsi olmalıdır.
Komitə  üzvləri  Rəşad Mahmudov, Rafiq  Məmmədhəsənov, Kəmaləddin Qafarov, Sədaqət Vəliyeva,  Kamilə Əliyeva ilə yanaşı  iclasda  iştirak  edən  Ədliyyə, Gənclər və İdman, Təhsil nazirliklərinin, tibb  müəssisələrinin, psixoloji-analitik mərkəzlərin nümayəndələri, gənc  tələbə-psixoloqlar  sənədlə  bağlı  fikirlərini  bildirdilər, qanun layihəsinin  daha  da  təkmilləşdirilməsi  üçün  təkliflər  səsləndirildi.


Milli Məclisin

Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU