MİLLİ MƏCLİSİN AQRAR SİYASƏT, HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASI KEÇİRİLDİ

Komitə iclasları
27 oktyabr 2016 | 05:10   
Paylaşın:        
Oktyabrın 27-də Milli Məclisin Aqrar siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə Meşə, Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil  edilib.
Bu dəyişikliklər “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun tətbiqi ilə əlaqədardır.
Meşə Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunlara təklif olunan dəyişikliklər barədə məlumat verən Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə bildirdi ki, sözügedən qanunlarda “ağac-kol bitkiləri” ifadəsi “yaşıllıqlar” sözü ilə əvəz edilir. Bundan başqa, bəzi maddələr yeni redaksiyada verilir, bəzi maddələrdə isə redaktə xarakterli dəyişikliklər aparılır ki, bu da ölkəmizdə ətraf mühitin mühafizəsinin gücləndirilməsinə xidmət edir. 
Sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirdi ki, ətraf mühitin mühafizəsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Azərbaycan 2016-cı ildə ətraf mühitin mühafizəsinə görə 180 ölkə arasında 31-ci yerdədir. Hazırda Azərbaycanda 9 milli park fəaliyyət göstərir ki, bu da qürurverici faktdır.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrinə təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər də ətraf mühitin mühafizəsi ilə bağlıdır. Belə ki, Cinayət Məcəlləsinə təklif olunan yeni dəyişikliyə görə, yaşıllıqların kəsilməsi ilə bağlı qanun pozuntularına xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların(əkinlərin) kəsilməsi(götürülməsi) halları şamil edilmir.
Bundan başqa, Cinayət və İnzibati Xətalar məcəllələrində ətraf mühitə vurulan zərərə görə nəzərdə tutulan cərimələrin məbləği bir neçə dəfə artırılır.  
Şəhərsalma və Tikinti Məcəlləsinə isə əlavə edilən yeni maddədə deyilir ki, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.
Sonra çıxış edən deputatlar Eldar Quliyev, Novruz Aslan, Cavanşir Paşazadə, Rövşən Rzayev, Tahir Kərimli, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Rafael Cəbrayılov və Vüsal Hüseynov bildirdilər ki, təklif olunan dəyişikliklər ölkəmizdə ətraf mühitin daha yaxşı qorunmasına və özəl sektorun inkişafına  kömək edəcəkdir.
Müzakirələrdən sonra gündəlikdəki 6 məsələnin hamısı Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU