MİLLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 28-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Gündəliyin təsdiqindən sonra “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş “Paris Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edildi. Sənədlə bağlı məlumat verən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Sazişin ölkələrarası ekologiya problemlərində olduqca gərəkli olduğundan söz açdı. Bildirildi ki, Azərbaycan tərəfindən imzalanan sənəd müvafiq qaydada Milli Məclisdə ratifikasiya edilməlidir. İqlim dəyişikliklərinə təsir edə bilən tullantıların azaldılması ilə əlaqədar müvafiq işlərin görülməsində Sazişin çox faydalı olacağı qeyd olundu. Sənəd millət vəkillərinin yekdil səsverməsi ilə qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə sənədi Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov şərh etdi. Sazişə əsasən, tərəflər öz ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin meydana gəlməsi, həmçinin onlara qarşı mübarizə və nəzarət metodları ilə bağlı məlumatları mübadilə edəcəklər. Bildirildi ki, Saziş 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmışdır və 12 maddədən ibarətdir. Bundan sonra Azərbaycan və İran karantin tətbiq edilən zərərli orqanizmlərin digər tərəfin ərazisinə keçməsinin qarşısının alınması üçün təftiş zəruri olduqda laboratoriya müayinələri, bitki və bitkiçilik məhsullarının və onların nəqliyyat vasitələrinin işlənməsi kimi lazımi tədbirləri həyata keçirmək üçün bütün vasitələrdən istifadə edəcək. Tərəflər öz ərazisinə genetik modifikasiya olunmuş bitkilərin və zərərvericilərin bioloji mübarizə agentlərinin daxil olmasını məhdudlaşdırmaq və ya qarşısını almaq hüququna malikdirlər. Saziş millət vəkilləri tərəfindən dəstəkləndi.
Sonra Milli Məclisin deputatı Azər Kərimlinin təqdimatı ilə “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin” Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edildi. Qeyd olundu ki, sənəd bu ilin avqustunda Bakıda hər üç ölkə Prezidentlərinin Zirvə toplantısında imzalanıb. Millət vəkili vurğuladı ki, sənəd mədəniyyət, turizm, iqtisadi sahələrdə əməkdaşlığın inkişafı ilə yanaşı, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın qəbuluna, Şimal-cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılmasına, terrorizmə qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə ədalətli həllinə böyük töhfə verəcəkdir. Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiq edildi.
Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədlərlə əlaqədar məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hər iki sənəddə edilən dəyişikliklər 2015-ci il 4 dekabrında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi ilə aparılıb. Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrumetmə sanksiyalarını əhatə edir. Komitə sədri onu da diqqətə çatdırdı ki, dəyişikliklərə əsasən milli, irqi, dini nifrətin yaradılması, Azərbaycanın hüdudlarından kənarda dini silahlı qruplaşmalara qoşulmaq və ya onu yaratmaq, dini radikalizm, dini fanatizm və dini ekstremizm yönündə cinayət tərkibli əməl törədilirsə azadlıqdan məhrumetmə cəzalarının müddəti 3 ildən ömürlük həbsə qədər nəzərdə tutulur. Hər iki sənəd səsə qoyularaq təsdiqləndi.
“Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə əlaqədar çıxış edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq. Müstəqillik dövründə Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid fəaliyyət göstərir ki, bunun da 1600-ü daimi fəaliyyətdədir. Həmin şəxslərdən 200-ü bu məscidlərdə çalışır. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində dini mütəxəssislər yetişdirilir.
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qanun layihəsinin onun rəhbərlik etdiyi komitədə də müzakirə edildiyini vurğuladı. Bildirldi ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi ilə dəyişikliklər aparılan sənədə əsasən dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək, dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda KİV işçilərinin fəaliyyəti və ictimaiyyətə çatdırılan məlumatların forma və həcmi əməliyyat aparan orqan tərəfindən müəyyən ediləcək. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” qanun layihələrinə dəyişikliklər edilməsi zərurəti meydana çıxıb. Bu zərurət “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna edilmiş dəyişikliklərdən irəli gəlir. Rafael Hüseynov qeyd etdi ki, müzakirəyə çıxarılmış qanun layihələrinə görə, dini ekstremizm əleyhinə əməliyyat aparılan zonada kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyənləşdiriləcək. Həmçinin aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə ötürüləcək məlumatlar da həmin orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək. Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılan zonada fiziki və hüquqi şəxslərə rabitə xidmətləri müvəqqəti dayandırıla bilər. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki növbəti 3 məsələ - “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlarda edilən dəyişikliklər barədə Valeh Ələsgərov məlumat verdi. Qeyd olundu ki, hər üç sənəddə aparılan dəyişikliklər “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi ilə aparılıb. Sənədlər ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, “Yol hərəkəti haqqında” qanunda aparılan dəyişikliklər də bu qəbildəndir. Bildirildi ki, sənəddə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi ilə düzəlişlər edilib. Qanunun 12-ci maddəsinin 1-ci bəndinə “dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda” sözləri əlavə edilir. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra “Avtomobil yolları haqqında” qanunda aparılan dəyişikliklərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Sənəddə edilən texniki dəyişikliyin “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi ilə edildiyi vurğulandı. Sənəd səsə qoyularaq qəbul edildi.
Fasilədən sonra Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi şərh etdi. Bildirldi ki, dəyişikliklərin əsas məqsədi məhkəmələrin ərazi yurisdiksalarının, eləcə də hakimlərin intizam qaydasında işdən çıxma qaydalarının müəyyənləşdirilməsindən ibarətdir. Sənəd bötövlükdə məhkəmə islahatlarına dəstək xarakteri daşıyır. Qanun layihəsinə bir neçə yeni maddə əlavə edilib. Sənəd səsə qoyularaq qəbul edildi.
“Avtomobil yolları haqqında” qanunda dəyişikliklər edilməsi barədə Ziyad Səmədzadə məlumat verdi. Bildirildi ki, qanun layihəsi “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Prezidentin 22 fevral 2007-ci il tarixli 1992 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” ölkə başçısının 2015-ci il 28 dekabr tarixli Sərəncamının və “Azəravtoyol” ASC haqqında” 2016-cı il 9 mart tarixli 826 nömrəli fərmanının tətbiqi ilə əlaqədar hazırlanmışdır. Sənəd avtomobil yollarının qorunmasına, yol əmlakının qurulması və yeniləşməsinə, yol-nəqliyyat kompleksinin mühafizəsinə xidmət edir. Sənəd millət vəkilləri tərəfindən dəstəkləndi.
Ziyad Səmədzadə sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Komitə sədri qanun layihəsindəki dəyişikliklərin mahiyyətini izah edərək bildirdi ki, əvvəllər Avropa Nəqliyyat Nazirləri Konfransının təlimat və tövsiyələrinə görə dövlət rüsumunun məbləği 500 ABŞ dolları idisə, indi avrostandartların pilləsindən asılı olaraq bu güzəştli (500 dollar, 300 dollar və 100 dollar) müəyyən olunur. Sənəd səsə qoyularaq qəbul edildi.
Ziyad Səmədzadə daha sonra Gömrük Məcəlləsində edilən dəyişiklikləri şərh edərək bildirdi ki, Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistemin tətbiqi təsbit olunur. Qanun layihəsinə yeni təklif olunan 13.1 maddəsinə görə, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasında “yaşıl, mavi, sarı və qırmızı dəhliz” buraxılış sistemləri tətbiq olunur. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün bu buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təklif olunan 93.4-cü maddədə bildirilir ki, gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir. Maddə 101.5-də isə bildirilir ki, “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənəd səsvermə yolu ilə təsdiq edildi.
Sonra Ziyad Səmədzadə Vergi Məcəlləsinə və “Reklam haqqında” qanuna edilən dəyişikliklər barədə danişdi. Qeyd olundu ki, Vergi Məcəlləsinin 102.1.13-cü maddəsində və “Reklam haqqında” qanunun 32.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” sözü “maliyyə bazarlarına nəzarət orqanı” sözü ilə əvəz edilir. Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasda Gənslər və idman komitəsinin sədri Fuad Muradov “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsini ilk oxunuşda təqdim etdi. Bildirildi ki, bu gün bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir. İndiyədək Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri bildirdi ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan yeni sənəd 8 fəsil, 42 maddədən ibarətdir. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb. Milli Antidopinq Agentliyinin təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apellyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər. Millət vəkilləri Azər Badamov, Qüdrət Həsənquliyev, Aqil Abbas sənədlə bağlı fikirlərini bildirdilər. Layihə birinci oxunuşda qəbul edildi.
Sonra Ziyad Səmədzadə “Kredit büroları haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Ölkədə pul kredit və maliyyə sisteminin təkmilləşməsinə, kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərinin nəzarəti məsələlərinə xidmət edəcək sənədin parlamentdə ilk oxunuşda müzakirəsindən sonra xeyli təkmilləşdirildiyi bəzi qəliz texniki ifadələrin dilimizdəki daha anlaşıqlı sözlərlə əvəzləndiyi vurğulandı. Sənəd səsə qoyularaq qəbul edildi.
İclasin sonunda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi də müzakirə edildi. Sənədlə bağlı məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, bir il əvvəl bu qanun layihəsinin hazırlanması üçün mütəxəssislərin və deputatların iştirakı ilə işçi qrupu yaradılmışdı. Qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir və onun hazırlanmasında müasir dünya təcrübəsi nəzərə alınıb. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Qeyd olundu ki, məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcəkdir. Çıxış edən millət vəkilləri Vahid Əhmədov, Elmira Axundova, Fazil Mustafa, Qüdrət Həsənquliyev müzakirəyə çıxarılmış qanun layihəsinin vacibliyini diqqətə çatdırdılar. Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclis öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti