MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 1-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Rəfael Hüseynov əvvəlcə “Kinematoqrafiya haqqında” yeni hazırlanan qanun layihəsini təqdim etdi. Bildirildi ki, sənəd filmlərin istehsalı, yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. 12 fəsil 40 maddədən ibarət olan sənəddə kino sənəti barədə əsas müddəalar, bu sahədə fəaliyyət subyektləri, dövlət dəstəyinin formaları, qadağalar, milli film istehsalı, maliyyə mənbələri və digər anlayışlar öz əksini tapıb. Komitə sədri kino sənətinin xalqların mədəniyyət sferasında çox önəmli yer tutduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan kinematoqrafçıları 1916-cı ildə “Neft və milyonlar səltənətində” adlı ilk bədii filmin çəkilməsindən keçən zaman ərzində unudulmaz kino inciləri yaradıblar. Bu gün müəyyən səbəblərdən bu sahədə boşluqlar yaransa da, kino sənətinin inkişafı, yaradıcılıq imkanlarının genişləndirilməsi üçün böyük potensial var. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilıməsi üçün sənəd çox əhəmiyyətli olacaq.
İclasda iştirak edən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, bu gün Azərbaycanda film istehsalı üçün avadanlıqların gətirilməsində maraqlı olan qurumlar yoxdur. Nazir müavini bunun əsas səbəbini bu avadanlıqların çox bahalı olması, sahibkarların isə tez gəlir əldə edən layihələrə daha çox maraq göstərməsi ilə izah etdi. Buna görə də kino texnikası, kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri tətbiq oluna bilər. Çünki istənilən film kommersiya xarakteri daşıyır və gəlir gətirməlidir. Bunun üçün bizim studiyalar davamlı, dayanıqlı avadanlıqlara malik olmalıdır.
Ədalət Vəliyev onu da diqqətə çatdırdı ki, Azərbaycanda 40-a yaxın prodüsser mərkəzi fəaliyyət göstərir. Onların heç birinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün maddi-texniki bazası yoxdur. Ancaq buna baxmayaraq kinematoqrafçılarımız son illərdə bir neçə filmimizin dünya kino bazarında uğur qazanmasına nail ola biliblər. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da dövlət sifarişli filmlərin çəkilməsi üçün xarici ölkələrdən yüksək səviyyəli texniki avadanlıqlar icarəyə götürür. Çünki studiyanın özünün malik olduğu texnika sovet dövründən qalmadır.
Millət vəkilləri Novruzəli Aslanov, Gövhər Baxşəliyeva, Fəzail İbrahimli, Elmira Axundova, Əflatun Amaşov, Ülviyyə Həmzəyeva, Ülviyyə Ağayeva, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, dəvət olunmuş mütəxəssislər sənədlə bağlı fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər.
Sonra iclasda “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olundu. Qeyd olundu ki, hər iki sənəddə edilən texniki dəyişiklik milli film istehsalı ilə bağlı bəndlərdə aparılıb.
Ətraflı müzakirələrdən sonra müzakirə edilən sənədlərin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti