ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
04 noyabr 2016 | 03:11   
Paylaşın:        

Noyabrın 4-də Milli Məclisin Əmək və  sosial  siyasət  komitəsinin növbəti  iclası  keçirildi. 
İclası  açan komitə sədri Hadi Rəcəbli “Turizm  haqqında”  qanun  layihəsi  ilə bağlı ətraflı danışdı.  O, qeyd etdi ki,  sənəd Azərbaycanda  turizm  sahəsində  dövlət  tənzimlənməsi,  turizmin dövlət  idarəetməsi və nəzarəti,  bu  sahədə  təhlükəsizlik,  maliyyə mənbələrinin  təsnifatı,  turizm  fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma  məsələləri  üzrə münasibətləri  tənzimləmək məqsədi  ilə hazırlanıb.  Bildirildi ki, əslində sənəd  ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir. 8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı əsas anlayışlar, görüləcək tədbirlər  öz əksini  tapıb. Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar.
Qanun  layihəsinin  hazırlanmasında  iştirak  edən  Milli Məclis  Aparatının  Sosial  qanunvericilik şöbəsinin əməkdaşı  Adil Vəliyev  vurğuladı ki, sənəddə  direktiv  yüklənmələr  həddindən çoxdur.   Bu,  xüsusi  əsasnamələrlə  aradan  qaldırıla  bilər. Ona  görə də  qanun layihəsi “Normativ  hüquqi  aktlar  haqqında”  Konstitusiya  qanununun tələblərinə uyğun  şəkildə  yenidən  işlənməlidir.
Çıxış edən millət  vəkilləri  Musa  Quliyev, Elmira  Axundova, Araz Əlizadə, Mədəniyyət  və Turizm  Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov, Turizm Universitetinin  rektor  əvəzi Eldar Aslanov,  fəaliyyətdə olan turizm şirkətlərinin nümayəndələri  ölkədə  turizmin inkişafı ilə bağlı  görülən  işlərdən  danışdılar, təkliflərini  səsləndirdilər.
Sonda qanun layihəsi üzərində təkmilləşdirmə işlərinin tamamlanması  üçün sənəd işçi  qrupuna  qaytarıldı.

Milli  Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU