MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 8-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Sənədi Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim etdi.
Deputatlara məlumat verildi ki, hazırda qüvvədə olan analoji qanun 1994-cü ildə hazırlanıb. Ötən müddətdə ölkəmizin qanunvericilik bazasında mühüm dəyişikliklər olub. “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi əsas normativ-hüquqi baza kimi Azərbaycan Konstitusiyasına, eyni zamanda son vaxtlar qəbul edilən bütün qanunlara uyğunlaşdırılıb. 6 fəsil, 27 maddədən ibarət olan bu qanun layihəsi Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan olunması və ləğv edilməsi, onun qüvvədə qalma müddətinin uzadılması, həmçinin hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Komitədə çıxış edən deputatlar Zahid Oruc, Hikmət Məmmədov, Vüsal Hüseynov, Fərəc Quliyev, Elman Məmmədov, Əliağa Hüseynov qanun layihəsinin əsasən yaxşı hazırlandığını, təkmil layihə olduğunu vurğuladılar. Eyni zamanda bəzi irad və təkliflərini də nəzərə çatdırdılar.
Ziyafət Əsgərov müzakirədə səslənmiş fikirlərə münasibət bildirdikdən sonra komitənin eksperti Elşad Nəsirov millət vəkillərini maraqlandıran suallara cavab verdi.
Yekunda qanun layihəsi yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti