MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
11 noyabr 2016 | 06:11   
Paylaşın:        
Noyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 26 məsələ daxil edilmişdir.
Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, nəzərdə tutulan dəyişikliklər 2015-ci il mayın 15-də qəbul olunmuş “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Həmin qanundakı bir sıra müddəalar bu məcəllələrdə öz əksini tapacaqdır.
Hər üç məcəlləyə təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiq edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki 5 məsələ barədə məlumat verdi. Bildirdi ki, Vergi Məcəlləsinə və “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kommersiya sirri haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər qiymətli kağızlar bazarının qorunmasına və ölkə iqtisadiyyatının inkişafına xidmət edir.
Məsələlərin əhəmiyyəti qeyd olunaraq sözügedən 5 məsələ səsə qoyularaq qəbul edildi.
Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında  məsələ barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Diqqətə çatdırdı ki, bu dəyişikliklər məcəllənin “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna uyğunlaşdırılması məqsədilə hazırlanmışdır və gündəlikdəki növbəti 5 məsələ ilə sıx bağlıdır.
Gündəlikdəki növbəti 3 məsələ - Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrinə təklif olunan dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, bu dəyişikliklərlə yaşıllıqların mühafizəsi daha da gücləndirilir və bununla bağlı qanun pozuntularına görə sanksiyalar və cərimələr sərtləşdirilir. Sonra Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəlikdəki digər 2 məsələ - “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlara dəyişikliklərlə bağlı məlumat verdi. Bildirdi ki, sözügedən dəyişikliklər də “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanmış və ölkəmizdə yaşıllıqların qorunmasına xidmət edir.
Müzakirələrdən sonra  yuxarıda adı çəkilən 6 qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqləndi.
“Elektron imza və elektron sənəd haqqında” Qanuna dəyişikliklər edilməsi barədə isə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi. O, diqqətə çatdırdı ki, 2017-ci il yanvarın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi nəzərdə tutulur. Həmin şəxsiyyət vəsiqələri indikilərdən ciddi şəkildə fərqlənməklə elektron daşıyıcıya(çipə) malik olacaqlar. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, elektron sənədlərin imzalanmasında da istifadə ediləcəkdir. Təklif olunan dəyişiklik şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı elektron imza ilə əlaqədar sertifikatların alınması prosedurunu müəyyən edəcəkdir.
Müzakirələrdən sonra bu dəyişikliklər də təsdiqləndi.
İclasda “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlara da dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər texniki xarakter daşıyır və bir sıra sözlərin daha dəqiq sözlərlə əvəz olunmasını özündə ehtiva edir.
Sonra deputatlar  Mülki, Miqrasiya məcəllələrinə və “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklər etdilər. Qeyd olundu ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə əlaqədar bəzən Azərbaycana xarici ölkə mütəxəssislərinin dəvət olunması zərurəti yaranır. Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyə görə, belə şəxslər iş və müvəqqəti yaşama icazəsi tələb olunmayan şəxslər siyahısına daxil edilir.
Aparılan müzakirələr zamanı deputatlar Elmira Axundova, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Çingiz Qənizadə və Şahin İsmayılov çıxış edərək qeyd və təkliflərini bildirdilər.
İclasda “Yol hərəkəti haqqında” Qanuna da  dəyişikliklər edildi. Diqqətə çatdırıldı ki, bu dəyişikliklər sürücülük vəsiqəsinin verilməsi prosedurunu şəffaflaşdırmaqla yanaşı, yol hərəkətinin tənzimlənməsi sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik Azərbaycan vətəndaşının, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etməsi və həmin sürücülük vəsiqələrinin dəyişdirilməsi qaydalarının müəyyənləşdirilməsi məqsədi daşıyır.
Sonra millət vəkilləri  Cinayət, Cinayət-Prosessual məcəllələrə, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna dəyişiklikləri də müzakirə etdilər. 
Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirdi ki, bu dəyişikliklər “İdman yarışlarının manipulyasiyasına dair” Avropa Şurası Konvensiyasına uyğunlaşdırma üçün həyata keçirilir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə diqqətə çatdırdı ki, bu dəyişikliklərə əsasən idman yarışlarının manipulyasiyası cinayət məsuliyyəti yaradacaq. Bununla bağlı işlər üzrə ibtidai istintaqın aparılması isə prokurorluğa həvalə olunacaq.
Müzakirələrdən sonra hər üç məsələ səsə qoyularaq təsdiq edildi.
Sonra deputatlar Tahir Kərimli, Fazil Mustafa, Zahid Oruc və Qənirə Paşayeva çıxış edərək cari məsələlər barədə danışdılar, təkliflər verdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU