HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
15 noyabr 2016 | 04:11   
Paylaşın:        

Noyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsinin növbəti iclası  keçirildi.
İclası  açan  komitə  sədri Əli Hüseynli  “Əmək” ordeninin  təsis  edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden  və medallarının təsis  edilməsi  haqqında” qanuna  dəyişikliklər  edilməsi  barədə geniş  məlumat  verdi. Bildirildi ki, Prezident  İlham Əliyevin  təşəbbüsü  ilə Azərbaycanın inkişafında və xalqın rifahının təmin olunmasında müstəsna əmək nailiyyətləri ilə fərqlənən insanları mükafatlandırmaq  üçün bu  ənənə bərpa  olunmalıdır. Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənənlərə,  kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təkliflərin istehsalatda davamlı tətbiqinə görə təltif olunacaqlar. Millət  vəkilləri  Fəzail Ağamalı, Tahir  Kərimli, Çingiz  Qənizadə yeni “Əmək”  ordeninin   təsis  edilməsini  yüksək  qiymətləndirdilər.  
Sonra iclasda Cinayət-Prosessual Məcəllədə dəyişikliklər  edilməsi barədə  qanun  layihəsi  müzakirə  edildi.  Milli Məclis  Aparatının əməkdaşı  Kəmalə  Qəmərli  sənədə  edilən  dəyişiklikləri  ətraflı şərh etdi. Qeyd  olundu  ki, Məcəlləyə barəsində  cinayət-hüquqi  tədbirlərin tətbiq  edilməsi  üzrə  icraat  aparılan şəxsin  nümayəndəsinin  dindirilməsi,  həmin  nümayəndənin hüquqi şəxsin mənafeyinə uyğun  addımları  ilə bağlı  yeni  maddələr  əlavə  edilib,  bəzi  düzəlişlər aparılıb.  Millət  vəkilləri  Qüdrət Həsənquliyev, Vüsal Hüseynov,  Rəfael Cəbrayılov,  Respublika  Prokurorluğunun və Daxili İşlər  Nazirliyinin nümayəndələri  sənəddə  edilən  dəyişikliklərin  yerində  və  əhəmiyyətli olduğunu  vurğuladılar.
Sonra  komitə  sədri  bildirdi ki,   İnzibati  Xətalar  Məcəlləsinə təklif edilən yeni əlavəyə görə, rabitə müəssisələri (operatorlar), həmçinin onların diller və distribütorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə, abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələr tətbiq olunacaq. Belə ki, qeyd olunan tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər 2 000, hüquqi şəxslər 3 000 manat miqdarında cərimə ediləcək. 
İclasda  “Notariat  haqqında” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlara  edilən  dəyişikliklər də  müzakirə  edildi. Təklif edilən dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və  saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri ancaq onların stasionar tibb müəssisələrində olması, xəstəliyin terminal mərhələdə olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs qətiimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması kimi  bu  insanların iradəsindən asılı olmayan səbəblərdir.
İclasda  4  sənədə - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli qanununda dəyişiklik edilməsi haqqında,  “1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli qanununda dəyişikliklər edilməsi haqqında,  Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli qanunda dəyişikliklər edilməsi barədə və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanunda dəyişikliklər edilməsi haqqında  sənədlərə  edilən  texniki  dəyişikliklər də məqsədəuyğun sayıldı.
İclasda  müzakirə  edilən  bütün  sənədlər  Milli Məclisin plenar  iclasının  müzakirəsinə  tövsiyə olundu.


Milli Məclisin
 Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU