GƏNCLƏR və İDMAN KOMİTƏSİNDƏ
Noyabrın 15-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda Gənclər və idman, Təhsil, Rabitə və yüksək texnologiyalar, İqtisadiyyat, Əmək və əhalinin sosial müdafiəsi, Ədliyyə nazirliklərinin, Ombudsman Aparatının və BMT İnkişaf Proqramının təmsilçiləri, KİV nümayəndələri iştirak edirdilər.
Komitənin sədri Fuad Muradov bildirdi ki, ölkəmizdə çox çevik gənclər siyasəti həyata keçirilir. Həmin siyasətə əsasən, normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının da təkmilləşdirilməsinə ehtiyac duyulur. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsinin hazırlanması həmin zərurətdən yaranıb.
İclasda sənədi deputatlara təqdim edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev xatırlatdı ki, ölkəmizdə “Gənclər siyasəti haqqında” qanun 2002-ci ildə qüvvəyə minib. 2007-ci ildə bu qanuna müəyyən dəyişikliklər edilib. Aradan ötən müddətdə ölkəmiz durmadan inkişaf edib, gənclərin düşüncəsi dəyişib. Dünya miqyasında yeni qlobal çağırışlar meydana çıxıb. Bütün bunları nəzərə alaraq nazirlik Milli Məclisə öz təkliflərini verib. Layihədə dövlətin gənclər siyasətinə dair bir sıra yeni müddəalar öz əksini tapıb.
Qanun layihəsinin müzakirəsində komitə üzvləri Şahin İsmayılov, Adil Əliyev, Rövşən Rzayev, Kamran Nəbizadə, Mahir Abbaszadə, Sevinc Hüseynova rəy və təkliflərini bildirdilər. Sənəddə əksini tapan bir sıra müddəalar, o cümlədən gənc alim və tədqiqatçıların inkişafı, tələbə özünüidarəetməsi, təhlükəsiz internetin yaradılması, aztəminatlı gənc ailələrin, çətin həyat şəraitində və risk qrupunda olan gənclərin problemləri, hərbi xidmətini başa vuran, həmçinin cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin məşğulluğunun təmin edilməsi, gənclər arasında multikultural vərdişlərin yaradılması və s. məsələlər müsbət qarşılandı.
İclasda iştirak edən qonaqlar qanun layihəsinə dair fikirlərini açıqladılar, təkliflərini diqqətə çatdırdılar. Gənclər və idman nazirinin müavini iclasda səslənən fikirlərə münasibət bildirdi, sualları cavablandırdı.
Müzakirəni yekunlaşdıran komitə sədri Fuad Muradov məlumat verdi ki, müvafiq hökumət qurumları “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklər və əlavələr edilməsinə dair sənəd barədə müsbət rəylərini göndəriblər, irəli sürülən təkliflər də nəzərə alınacaq, qanun layihəsi təkmilləşdirilərək yenidən müzakirə olunacaq.
Milli Məclisin
Mətbuat xidməti