AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Noyabrın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında” və “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunlara dəyişikliklər daxil edilib. Bu dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədardır.
Dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə diqqətə çatdırdı ki, hər üç qanuna təklif olunan dəyişikliklər baş verə biləcək sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Belə ki, bu qanunların müddəalarında işlədilmiş qeyri-müəyyən sözlər daha dəqiq sözlərlə əvəz edilir. Məsələn, bu qanunlarda işlədilmiş “vaxtaşırı”, “öz səlahiyyətləri daxilində”, “edilə bilər”, “zəruri”, “bir qayda olaraq”, “keçirilə bilər”, “lazımi” söz və ifadələri ya bu qanunlardan çıxarılır, ya da başqa söz və ifadələrlə əvəz edilir. Beləliklə də, bu qanunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğunlaşdırılır.
Çıxış edən deputatlar Eldar Quliyev, Hüseynbala Mirələmov, Novruzəli Aslanov və müvafiq qurumların nümayəndələri dəyişiklikləri yüksək qiymətləndirdilər. Qeyd etdilər ki, xüsusilə “Atçılıq haqqında” Qanuna ediləcək dəyişikliklər bütün dünyada məşhur olan Azərbaycan at cinslərinin qorunub saxlanmasına və artırılmasına kömək edəcəkdir.
Müzakirələrdən sonra hər üç qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti