KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
27 aprel 2012 | 03:04   
Paylaşın:        

Aprelin 27-də Milli Məclisdə Aqrar siyasət və İqtisadi siyasət komitələrinin birgə iclası keçirildi.
İclası acan Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gündəlikdəki “ Kənd təsərrüfatı kooperasiyası haqqında ” qanun layihəsi barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, parlamentə ikinci oxunuş üçün təqdim ediləcək qanun layihəsində bir sıra düzəlişlər edilmişdir. VII fəsil, 32 maddədən ibarət olan layihədə kənd təsərrüfatı kooperativlərinin təşkili, fəaliyyəti, onların inkişafının dövlət tənzimlənməsinin hüquqi, iqtisadi əsasları öz əksini tapıb. Sənədin qəbulunda əsas məqsəd ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək olduğu vurğulandı. Sənəddə kooperativlərin fəaliyyəti çox geniş şəkildə şərh edilib, burada həmçinin bu sahənin dövlət tənzimlənməsi, himayəsi və maliyyə-kredit dəstəyi, onların inkişafında bələdiyyələrin vəzifələri, eləcə də istehsal olunacaq məhsulların satışı, bunun üçün ticarət yerlərinin ayrılması, qanunvericiliyin pozulmasına görə məsuliyyət, mübahisələrin həlli məsələləri ətraflı şəkildə verilib.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki,  qanun layihəsinin qəbulu Azərbaycanda kənd təsərrüfatının inkişafına  böyük dəstək olacaq. Qeyd edildi ki, bu prosses yalnız könüllü şəkildə aparılacaq və məhsuldarlığın artırılmasına, kənd əhalisinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Çıxış edən deputatlar lahiyənin hazırlanmasında ekspert və mütəxəssis rəylərinin nəzərə alındığını və ölkəmizdə fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlarda müzakirə olunduğunu xüsusi vurğulayaraq, qanunun qəbul olunmasının vacibliyini qeyd etdilər.
İclasda iştirak edən müvafiq orqanların nümayəndələri də qanun layihəsinin qəbulunun əhəmiyyəti barədə fikirlərini açıqladılar.
Sonda sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU