HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
16 noyabr 2016 | 05:11   
Paylaşın:        

Noyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 6 qanun layihəsinə baxıldı.
Komitənin sədri Əli Hüseynli öncə “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” məsələ barədə məlumat verdi. Qanun layihəsi ətrafında fikir mübadiləsi aparıldı, təklif olunan müddəaların mütərəqqi xarakterli olduğu vurğulandı.
Sonra iclasda “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 1-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” qanunun isə 101-ci maddəsinə təklif olunan dəyişikliklərə baxıldı. Qanun layihələrini şərh edən deputat Vüsal Hüseynov bildirdi ki, ölkəmizdə 2005-ci ildən fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin təminatçısı kimi çıxış edir. Ötən müddətdə  qurum xeyli inkişaf edib və mühüm işlər görüb. 
İclasda iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov təmsil etdiyi qurumun işi barədə deputatlara ətraflı məlumat verdi, uğurlardan danışdı. Mövcud nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açdı. İnam ifadə etdi ki, bu iki qanunun parlamentdə qəbulu Məhkəmə-Hüquq Şurasının işinin daha da təkmilləşməsinə yardımçı olacaq.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan növbəti iki qanun layihəsi Azərbaycanın Baş Prokurorluğunda hazırlanmış və Baş prokuror Zakir Qaralovun imzası ilə Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” sənədlər idi. Həmin qanun layihələrində internet texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə hər bir Azərbaycan vətəndaşının, xüsusilə də Azərbaycan Prezidentinin şərəf və ləyaqətinin  qorunmasının tənzimlənməsi nəzərdə tutulur, böhtan atma və ya təhqir etmə hallarında cəzalar sərtləşdirilir.
İclasda təşəbbüskarı olduqları qanun layihələrini şərh edən Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov bildirdi ki, müasir dövrdə ayrı-ayrı şəxslər internetin verdiyi imkanlardan istifadə edərək internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə dövlət başçısının, vətəndaşların şərəf və ləyaqətinə toxunurlar. Cəmiyyətimizdə mövcud olan bu kimi qeyri-qanuni halların qarşısı alınmalıdır. Bu məqsədlə Cinayət Məcəlləsinə əlavə olunan 148-1-ci maddəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manatadək miqdarda cərimə olunacaq və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə  ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsinə əlavə olunan 323.1-1-ci maddədə isə Azərbaycan Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma hallarına görə cəzalar nəzərdə tutulur. Belə ki,  internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək Azərbaycanın dövlət başçısının şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələmə və ya alçaltma törədildikdə bu əməl 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 323.2-ci maddəyə əsasən, eyni əməllər Azərbaycan Prezidentini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qanun layihəsində qeyd olunur ki, bu cəzalar Azərbaycan Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yürüdülən siyasət haqqında tənqidi mülahizələrlə  bağlı çıxışlara şamil edilmir.
Deputatlara məlumat verildi ki, Cinayət  Məcəlləsinə edilən bu dəyişikliklər ölkəmizin Cinayət-Prosessual Məcəlləsində də müvafiq dəyişikliklərin aparılması zərurətini meydana çıxarır. Bununla əlaqədar olaraq, həmin Məcəllənin 37.3-cü maddəsində “142.1” rəqəmlərindən sonra,  215.3.1-ci maddəsində isə “146” rəqəmlərindən sonra “148-1” rəqəmləri əlavə edilir.
Müzakirə zamanı komitənin sədri Əli Hüseynli, deputatlar Fəzail Ağamalı, Çingiz Qənizadə, Məlahət İbrahimqızı, Tahir Kərimli, Elşən Musayev, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Vüsal Hüseynov və komitə sədrinin müavini Rövşən Rzayev hər iki qanun layihəsini dəstəklədilər. Qanunvericilikdəki boşluğu aradan qaldıracaq bu vacib sənədlərə görə Baş Prokurorluğun ünvanına təşəkkürlərini ifadə etdilər. Sosial mediada, habelə internet ehtiyatlarında Azərbaycan Prezidentinin və onun ailə üzvlərinin şərəf və ləyaqətinin ləkələnməsinin və ya alçaldılmasının yolverilməz olduğu birmənalı şəkildə vurğulandı.
Geniş fikir mübadiləsinin yekununda komitədə müzakirə olunan bütün qanun layihələri, o cümlədən  “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanunda dəyişiklik edilməsi barədə” sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU