ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
16 noyabr 2016 | 05:11   
Paylaşın:        

Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin növbəti  iclası  keçirildi. 
İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm  haqqında”  qanun  layihəsinə  edilən  dəyişikliklərlə əlaqədar  məlumat  verdi. Qeyd  olundu  ki, Prezident  İlham Əliyevin  qanunvericilik təşəbbüsü  qaydasında  parlamentə  daxil olan  sənəddə  əsas  məqsəd “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə  uyğunlaşdırılmasını əsas  tutur. 
Milli Məclis Aparatının  Sosial  qanunvericilik şöbəsinin əməkdaşı  Adil Vəliyev  təklif  olunan  dəyişiklikləri ətraflı  şərh etdi. O, vurğuladı ki, elektron viza  almaq  üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN viza” sistemində  yerləşdirilmiş  elektron müraciət  formasında  nəzərdə  tutulan  məlumatları  sistemə  daxil etməli,  “Dövlət  rüsumu  haqqında”  qanuna  uyğun  olaraq   müəyyən  edilmiş  məbləğdə  dövlət  rüsumunu  elektron  qaydada  ödəməlidirlər.  Elektron vizanın  verilməsinə  3  gün müddətində  baxılır. İmtina  üçün əsas  olduqda  imtina  məktubu,  olmadıqda isə elektron viza  məktubu müraciət  edən şəxsin elektron poçtuna  göndərilir.
Hadi Rəcəbli  hazırda komitədə Azərbaycanda  turizm  sahəsində  dövlət  tənzimlənməsi,  turizmin dövlət  idarəetməsi və nəzarəti,  bu  sahədə  təhlükəsizlik,  maliyyə mənbələrinin  təsnifatı,  turizm  fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma  məsələləri  üzrə münasibətlərini  özündə  ətraflı əks  etdirən  yeni “Turizm  haqqında”  sənədin hazırlandığını  da  vurğuladı. Bildirildi ki, hazırda  müzakirə  olunan, ölkə  başçısının  təşəbbüsü  ilə daxil olan bu  sənəddəki  məqamlar  hazırlanacaq yeni “Turizm haqqında” qanunda  da ehtiva  olunacaq.
Çıxış edən millət  vəkilləri  Elmira  Axundova, Araz Əlizadə, Aytən Mustafayeva dəyişikliklərin zəruri  olduğunu  vurğuladılar.
Qanun layihəsi Milli Məclisin plenar  iclasına  tövsiyə  edildi. 


Milli  Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU