AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Noyabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna edilən dəyişikliklərlə bağlı məlumat verdi. Qeyd olundu ki, əlavə ediləcək yeni maddə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsündən irəli gəlib. Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən edilərək qanunvericiliyə əlavə edilir.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Tamerlan Şeyxzamanov sənədi ətraflı şərh etdi. Bildirildi ki, qanuna əlavə olunan yeni maddəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri - stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələdə olması, uzunmüddətli ezamiyyətə göndərilmələri, barələrində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olmaları kimi valideynlərin və digər qanuni nümayəndələrin iradəsindən asılı olmayan səbəblərdir. Bu maddənin əlavə edilməsində məqsəd yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirmək xarakteri daşıyır.
Çıxış edən millət vəkilləri Sahibə Qafarova, Sədaqət Vəliyeva, Tahir Rzayev, Ağacan Abiyev, Astan Şahverdiyev, Dilarə Cəbrayılova sənədə edilən dəyişikliyin əhəmiyyətindən danışdılar, bu təklifi uşaq hüquqlarının qorunması, ölkəmizdə uşaqlara olan diqqətin artırılması istiqamətində daha bir addım kimi qiymətləndirdilər.
Layihə yekdilliklə parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti