MİLLİ MƏCLİSDƏ KONFRANS

Tədbirlər
25 noyabr 2016 | 12:11   
Paylaşın:        

Noyabrın 24-də Milli Məclisdə “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfrans keçirildi. Konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunmuşdu.
Tədbiri açan Milli Məclisin Səhiyyə komitəsinin sədri, TürkPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının rəhbəri Əhliman Əmiraslanov konfransın işinə uğurlar arzuladı.
Çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır. Azərbaycan son dövrlər iqtisadi böhranın baş verdiyi bir şəraitdə də iqtisadiyyatını inkişaf etdirə bilib.
 Azərbaycanın dinlərarası münasibətlərdə dünya ölkələrinə nümunə kimi göstərildiyini deyən Ziyafət Əsgərov qeyd etdi ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Hazırda ölkəmizdə vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır.
 Azərbaycanın müstəqillik tarixindən danışan Ziyafət Əsgərov  müstəqilliyin ilk illərində yaşanan çətin dövrü xatırlatdı. Qeyd etdi ki, o dövrdə Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, dövlətinin parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizin müstəqilliyi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı. Hazırda Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın uğurlu inkişaf dinamikası davam edir.
Sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, TürkPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının rəhbəri Əhliman Əmiraslanov bildirdi ki, müstəqilliyin ilk illərində Azərbaycan faktiki olaraq yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O vaxt ulu öndər Heydər Əliyev olmasaydı, indi Azərbaycan adlı dövlət olmayacaqdı. 
Əhliman Əmiraslanov müstəqilliyin ötən 25 ili ərzində ölkəmizdə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr və görülən işlər barədə konfrans iştirakçılarına məlumat verdi.
Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva müstəqillik qazanmalarının 25 illiyi münasibətilə TürkPA üzvü olan ölkələri təbrik etdi. Fondun rəhbəri türkdilli ölkələr arasında strateji münasibətlərin inkişafı, mədəni irsin qorunması, qarşıda dayanan vəzifələr barədə fikirlərini bölüşdü.
Sonra çıxış edən Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Erkan Özoral, Beibit İssabayev, Aydjigit Buranov, TürkPA-ya üzv ölkələrin millət vəkilləri, Feyzullah Kıyıklık, Aliya Saparova, Muzaffar İsakov, Nizami Cəfərov, Sədaqət Vəliyeva və müxtəlif türk birliklərinin nümayəndələri  bildirdilər ki, TürkPA-nın fəaliyyət göstərdiyi 8 il ərzində bu qurum çərçivəsində bir sıra əhəmiyyətli məsələlər müzakirə olunmuş, türkdilli ölkələr bir-birilərinə qarşılıqlı dəstək göstərmişdir. Qeyd olundu ki, Türkiyədə bu ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhd zamanı bütün türkdilli ölkələr qardaş Türkiyəni müdafiə etmiş, ona öz dəstəklərini bildirmişlər. Qeyd olundu ki, Türkiyə də hər zaman qardaş ölkələrə əlindən gələn köməyi etmişdir. Çıxışlar zamanı TürkPA sıralarının genişləndirilməsinin vacibliyi barədə də fikirlər səsləndirildi.
Tədbirə yekun vuran Milli Məclisin Səhiyyə komitəsinin sədri, TürkPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının rəhbəri Əhliman Əmiraslanov bu konfransın yüksək səviyyədə təşkilinə görə Milli Məclisi Sədri Oqtay Əsədova, parlament Aparatının rəhbərliyinə və TürkPA katibliyinə təşəkkürünü bildirdi.
Konfransdan sonra Milli Məclisin foyesində gənc rəssam Rəşid Nuriyevin əsərlərindən ibarət sərgi nümayiş etdirildi. Sərgidə türk xalqlarına xas olan milli adət və ənənələri, türk xalqlarının həyat tərzini əks etdirən 18 rəsm əsəri iştirakçılar tərəfindən maraqla qarşılandı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU