GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
25 noyabr 2016 | 04:11   
Paylaşın:        

Noyabrın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
Komitə sədri Fuad Muradov diqqətə çatdırdı ki, sənədin hazırlanması zamanı Ümumdünya Antidopinq Agentliyinin tövsiyələri, bu sahədə beynəlxalq qanunvericilik nəzərdən keçirilib. Bu günlərdə Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar. Onlarla görüşlər keçirdik və yeni qanunla bağlı fikirlərini öyrəndik.
Sonra Fuad Muradov layihə barədə geniş məlumat verdi. Qeyd edildi ki, layihənin birinci oxunuşda müzakirələri zamanı deputatlar və mütəxəssislər tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınıb və mətndə müvafiq düzəlişlər aparılıb. Bildirildi ki, təqdim olunan qanun idmanda dopinqin qarşısının alınması və onunla mübarizə sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirir. Sənəddə, eyni zamanda, ölkəmizin bu sahədə beynəlxalq öhdəliklərinə və dürüst oyun prinsipinə uyğun olaraq antidopinq siyasətinin qəbul edilməsi və həyata keçirilməsi nəzərdə tutulur. 
Bildirildi, qanuna əsasən ölkəmizdə Milli Antidopinq Agentliyinin (MADA) və onun Müşahidə Şurasının təsis edilməsi gözlənilir. Fəaliyyətini müstəqil şəkildə həyata keçirən Agentlik idmançıların hüquqlarını və sağlamlıqlarını qorumaq məqsədi ilə idmanda dopinqsiz iştirakı təbliğ edir, bu sahədə milli strategiyanın hazırlanmasını, maarifləndirmə fəaliyyətini həyata keçirir, bununla bağlı beynəlxalq  standartların tətbiq olunmasını və bir sıra digər məsələləri təmin edir. Müşahidə Şurasına Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin nümayəndələri daxildirlər.
Qeyd edildi ki, terapevtik istifadə üçün edilən müraciətlərin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab olunan tibbi və ya elmi ekspertizanın keçirilməsi məqsədi ilə müraciət etmək hüququ Terapevtik İstifadəyə İcazə Komitəsinə aiddir. Komitə müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qanunla nəzərdə tutulan antidopinq qayda pozuntularını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaq səlahiyyəti İntizam Komitəsinə aiddir. Apellyasiya Komitəsi müəyyən olunmuş qaydaları yerinə yetirmək və tətbiq etmək üçün bütün zəruri tədbirləri həyata keçirir, MADA-nın qaydalarında göstərilən pozuntu hallarını müəyyənləşdirir. İdman subyektləri bu komitələrin tələblərinə riayət etməlidirlər. Qanun layihəsində, eyni zamanda, idman subyektlərinin hüquqları,  vəzifələri və məsuliyyəti ilə bağlı məsələlər ehtiva olunur.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Rauf Əliyev, Ülvi Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov sənədin əhəmiyyəti barədə fikirlərini açıqladılar.
İclasın sonunda qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin  plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU