MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
30 noyabr 2016 | 02:11   
Paylaşın:        

Noyabrın 29-da  Milli Məclisin  növbəti  plenar  iclası  keçirildi.   Parlamentin Sədri Oqtay  Əsədovun sədrlik  etdiyi  iclasda gündəliyin   təsdiqindən  sonra  millət  vəkilləri  cari  məsələlərdən  söhbət  açdılar. Qüdrət  Həsənquliyev, Fazil Mustafa, Zahid  Oruc, Fərəc Quliyev, Qənirə Paşayeva, Asim Mollazadə, Sahib Alıyev, Rasim Musabəyov,  Fuad Muradov, Rövşən Rzayev ölkə  gündəmində  olan  vacib  məsələləri dilə  gətirdilər.
 Sonra  gündəlikdəki  məsələlərin  müzakirəsinə  başlanıldı. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Beynəlxalq  münasibətlər  və parlamentlərarası  əlaqələr  komitəsinin  sədri Səməd  Seyidov  məlumat verdi. Sənədin əhəmiyyətindən  söz  açan  komitə  sədri  artıq Azərbaycanın bir  neçə ölkə ilə belə  müqaviləsinin olduğunu və  qanunun müsbət  nəticələrinin özünü  göstərdiyini diqqətə satdırdı.  Sənəd  səsə qoyularaq  qəbul  edildi.
 “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi  müzakirə  edildi.  Layihə  barədə məlumat verən İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, göstərilən kredit 2012-ci ildə ayrılıb. Bu dəyişikliyə görə kreditin müddəti dəyişməz olaraq qalır, istifadə müddəti isə 2 il artırılır. Bunun səbəbi isə tikinti işlərinin başlamasına hazırlıq prosesinin yekunlaşmaması ilə bağlıdır. Sənəd  yekdilliklə  qəbul  edildi.
  Səhiyyə  komitəsinin  sədri Əhliman Əmiraslanov “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim etdi. Bildirildi ki, dəyişiklik “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə aparılıb. İnsan orqanlarının transplantasiyasına aid reklamın yayılmasına qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə icazə veriləcək. Deputatlardan Qüdrət  Həsənquliyev, Qənirə Paşayeva, Rəşad Mahmudov, Aytən Mustafayeva, Nizami Cəfərov qanun  layihəsində  edilən  dəyişiklikləri yüksək  qiymətləndirdilər.  Sənəd  səsə qoyularaq qəbul edildi.
İclasda Aqrar  siyasət  komitəsinin  sədri Eldar  İbrahimov “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişiklikləri təqdim etdi. Qeyd  olundu ki, 2015-ci ilin may ayında “Reklam haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədar olaraq sənədin 20-ci maddəsinə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliyə  əsasən tütünün və tütün məmulatının, onların ləvazimatlarının, tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamına qadağa qoyulur. Həmçinin tütün məmulatının satışı zamanı həvəsləndirmə üsulları məhdudlaşdırılır, yəni siqaret alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi qadağan edilir. Sənəd  səsvermə  yolu ilə qəbul edildi.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  “Bələdiyyələrin statusu haqqında” qanunda edilən dəyişikliyi diqqətə  çatdırdı. Sənəddə dəyişikliyin “Reklam haqqında” qanuna  uyğunlaşdırma  məqsədi ilə aparıldığı bildirildi. Bildirildi ki, qanunun 40-cı  maddəsində  “küçə reklamı” sözü “açıq məkan reklamı“ sözü  ilə əvəzlənir.  Qanun  layihəsi  səsə  qoyularaq  qəbul  edildi.
Ailə, qadın  və uşaq  məsələləri  komitəsinin sədri Aqiyə  Naxçıvanlı  “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda edilən  dəyişiklikləri şərh etdi. O,  qanuna  əlavə  edilən  yeni  maddələri, sənəddə  aparılan texniki xarakterli digər  dəyişiklikləri  ətraflı izah  etdi.  Sənəd   səsə  qoyularaq  qəbul  edildi.
İclasda Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov  “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı ətraflı məlumat  verdi.  Komitə  sədri sənəddəki dəyişikliklərin reklam qurğularında Azərbaycan  dili  qanunlarına  düzgün  əməl  edilməsi,  dilimizin mahiyyəti  və mühafizəsi  baxımından  kifayət  qədər  əhəmiyyətli olduğunu  vurğuladı.  Sənəd  səsvermə  yolu ilə  qəbul  edildi.
Sonra Ziyad Səmədzadə “Poçt haqqında” qanuna dəyişiklik edilməsi barədə   sənədi təqdim  etdi.  Dəyişikliklərin texniki xarakterli olduğunu  və “Reklam haqqında”  qanunun  tələblərinə uyğunlaşdırmaq  məqsədi ilə  aparıldığını  bildirdi. Bu  qanun  layihəsi  də  səsvermə  yolu ilə təsdiqləndi. 
Eldar  İbrahimov  “Çayçılıq haqqında” qanuna edilən dəyişikliklə bağlı məlumatında dedi ki, çay məhsullarının reklamının konkret olaraq “Reklam haqqında” qanuna uyğun həyata keçirilməsi nəzərdə tutulur.  Sənəd  səsvermə  yolu ilə qəbul  edildi.
Gündəlikdəki növbəti məsələ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə danışan Əli  Hüseynli  bu  dəyişikliyin də “Reklam haqqında” qanunun  tələblərinə  uyğunlaşdırılma  məqsədi ilə aparıldığını bildirdi. Sənəd  qəbul edildi.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Teatr və teatr fəaliyyəti haqqında” qanunda edilən dəyişiklikləri  diqqətə  çatdıraraq bildirdi ki, sənədin 11-ci maddəsinə  yeni bənd  əlavə  edilib. Bu da onu  ehtiva  edir ki,  teatrın foyesində,  səhnəsində  reklam  lövhələri  yerləşdirilsə də,   teatr  tamaşasının  gedişatı zamanı reklam aparılması  qadağandır. Sənəd yekdilliklə  qəbul edildi.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi  şərh etdi. Layihəyə əsasən, Azərbaycanda həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Reklamverici reklam istehlakçısına və yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sertifikatın, preparatın dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, istifadəyə dair təlimatın, məlumat tədqiqatları haqqında sənədin surətlərini təqdim etməlidir. Sənəd səsə  qoyularaq  qəbul  edildi.
Gənclər  və idman komitəsinin sədri  Fuad  Muradov  “Bədən tərbiyəsi və idman haqqında” qanunda  aparılan  dəyişikliklərin də  “Reklam haqqında” qanuna  uyğunlaşdırma  məqsədi ilə edildiyini  dedi. Sənəd yekdilliklə qəbul edildi.
Gündəlikdəki növbəti 3 məsələ - “Atçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunlara dəyişikliklər edilməsi barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat  verdi. Qeyd  olundu ki, bu sənədlərə  edilən  dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədardır. Hər üç qanuna təklif olunan dəyişikliklər baş verə biləcək sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Belə ki, bu qanunların müddəalarında işlədilmiş qeyri-müəyyən sözlər daha dəqiq sözlərlə əvəz edilir. Hər  üç  sənəd  ayrı-ayrılıqda  səsvermə  yolu ilə qəbul  edildi.
Sonra Əli  Hüseynli  “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunda edilən dəyişikliyi şərh  edərkən bildirdi ki, bu da “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25-ci  maddəsinin tələblərinə  uyğun olaraq  həyata  keçirilib. Sənəddəki termin və anlayışların aydın və birmənalı  göstərilməsi məqsədiniı  daşıyır. Sənəd  səsvermə yolu ilə təsdiqləndi.
Sonra Əli Hüseynli “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın inkişafında və xalqın rifahının təmin olunmasında müstəsna əmək nailiyyətləri ilə fərqlənən insanları mükafatlandırmaq üçün bu ənənə bərpa olunmalıdır. Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənənlərə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təkliflərin istehsalatda davamlı tətbiqinə görə təltif olunacaqlar.  Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
Fasilədən  sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavə barəsində  məlumat verdi.  Bildirildi ki, bu dəyişikliyə  əsasən bundan sonra rabitə müəssisələri (operatorlar), həmçinin onların diller və distribütorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə, abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələr tətbiq olunacaq. Belə ki, qeyd olunan tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər 2000, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcəklər. Bu  sənəd  də razılıqla  qarşılandı.
Əli Hüseynli “Notariat haqqında”   qanuna  edilən  dəyişikliyin  təqdimatında  bildirdi ki,   sənədə  edilən əlavələr “Hüquqi  şəxslərin  dövlət qeydiyyatı və dövlət  reyestri  haqqında” qanuna  uyğunlaşdırmaq məqsədi ilə  təklif olunub. Qanunun 36-cı maddəsinə notariat  hərəkətlərinin  aparılması  üçün lazım olan  məlumat  və sənədlərin  tələb  edilməsi ilə əlaqədar  yeni bir  bənd əlavə  edilib ki, bu da  kommersiya  hüquqi  şəxslərin  nizamnamə  kapitalındakı  payları barədə məlumatların  elektron sorğu  vasitəsilə əldə  edə bilməsindən ibarətdir. Bu sənəd  də səsvermə yolu ilə qəbul edildi.
Gündəlikdəki növbəti  4 sənədə - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli qanununda dəyişiklik edilməsi haqqında, “1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli qanununda dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli qanunda dəyişikliklər edilməsi barədə və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə  edilən texniki dəyişikliklər də məqsədəuyğun sayıldı.
    Əli  Hüseynli “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” dəyişiklik edilməsi barədə qanuna edilən dəyişikliklərlə bağlı da  məlumat verdi. Qeyd olundu ki, əlavə ediləcək yeni maddə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsündən irəli gəlib. Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən edilərək qanunvericiliyə əlavə edilir. Bu  səbəblər - stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələdə olması, uzunmüddətli ezamiyyətə göndərilmələri, barələrində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olmaları kimi valideynlərin və digər qanuni nümayəndələrin iradəsindən asılı olmayan səbəblərdir. Bu maddənin əlavə edilməsində məqsəd yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirmək xarakteri daşıyır. Sənəd  səsvermə  yolu ilə qəbul  edildi.
Gündəlikdəki növbəti 4 məsələ barədə  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  üzvü Vüsal Hüseynov  məlumat  verdi. Cinayət-Prosessual Məcəllədə edilən  dəyişikliklər  barədə danışan deputat  bildirdi ki,  sənədin XV-II fəsli hüquqi  şəxslər barəsində tətbiq  edilən  cinayət  hüquq  tədbirlərinin əsasını müəyyən edir.  Lakin Məcəllədə  bu prosedurlar  müəyyən  edilməmişdir.  Təklif  olunan  dəyişikliklər  Məcəllədə  bu iş üzrə icraatın   xüsusiyyətləri  haqqında  yeni fəslin  və buna uyğun olaraq  müvafiq  maddələrin əlavə  edilməsini  nəzərdə  tutur.  Sənəd  səsvermə  yolu ilə  təsdiqləndi.
Sonra Vüsal Hüseynov “Məhkəmə-Hüquq Şurası haqqında”,  “Məhkəmələr və hakimlər haqqında” qanunlara təklif olunan dəyişiklikləri şərh  etdi. Deputat  bildirdi ki, ölkəmizdə 2005-ci ildən fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin təminatçısı kimi çıxış edir. Ötən müddətdə qurum xeyli inkişaf edib və mühüm işlər görüb. Qeyd  olundu ki, hər  iki sənədin qəbulu Məhkəmə-Hüquq Şurasının işinin daha da təkmilləşməsinə yardımçı olacaq.
Cinayət  Prosessual  Məcəlləyə  edilən  başqa  bir  dəyişik isə  cinayət  mühakimə  icraatı  zamanı  texniki  vasitələrdən istifadə  etmək və kənar şəxslərin istintaq  hərəkətlərinə  cəlb  edilməsini  məhdudlaşdırmaq  yolu ilə cinayət  təqibinin  sadələşdirilməsi, cinayət mühakimə  icraatı  tezliyinin təmin edilməsi və mövcud  cinayət-prosessual  hüquq  normalarının  təkmilləşdirilməsi  məqsədi  ilə təklif  edilmişdi. Bu  sənəd  də  səsə  qoyularaq  təsdiq  edildi.
İclasda “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna  edilən dəyişikliklər  də  müzakirə  edilərək  təsdiqləndi. 
  Əmək  və  sosial  siyasət  komitəsinin  sədri  Hadi  Rəcəbli  “Turizm haqqında” qanuna  edilən  dəyişiklikləri  təqdim edərək bildirdi ki, Prezident  İlham Əliyevin  qanunvericilik təşəbbüsü  qaydasında  parlamentə  daxil olan  sənədin  əsas  məqsədi Miqrasiya Məcəlləsinə  uyğunlaşdırılmadır.  Belə ki, elektron viza  almaq  üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN viza” sistemində  yerləşdirilmiş  elektron müraciət  formasında  nəzərdə  tutulan  məlumatları  sistemə  daxil etməli,  “Dövlət  rüsumu  haqqında”  qanuna  uyğun  olaraq   müəyyən  edilmiş  məbləğdə  dövlət  rüsumunu  elektron  qaydada  ödəməlidirlər.  Elektron vizanın  verilməsinə  3  gün müddətində  baxılır. İmtina  üçün əsas  olduqda  imtina  məktubu,  olmadıqda isə elektron viza  məktubu müraciət  edən şəxsin elektron poçtuna  göndərilir. Komitə  sədri “Lisenziyalar və icazələr haqqında” qanuna edilən dəyişikliyi  də təqdim etdi. Bildirdi ki, sənədin 3 nömrəli əlavəsindən “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 82-ci bəndi ləğv edilərək “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərar” sözləri oradan çıxarılır. Hər  iki sənəd  səsvermə yolu ilə qəbul edildi.
Vergi Məcəlləsinə təklif olunan dəyişiklik barədə məlumat verən millət  vəkili Mahir  Abbaszadə diqqətə çatdırdı ki, dəyişikliyə görə, Məcəllənin 63.3-cü maddəsinin ikinci hissəsinin “Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər” cümləsində “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz olunur. Sənəd  təsdiqləndi.
Sonra  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin sədri Əli  Hüseynli  gündəlikdəki  digər  2 məsələ - Cinayət  və Cinayət  Prosessual  Məcəllələrə  edilən  dəyişikliklərlə  bağlı geniş məlumat verdi. Bildirildi ki, hər iki sənəd Azərbaycanın Baş Prokurorluğunda qanunvericilik təşəbbüsü qaydasında hazırlanmışdır.  Komitə  iclasında  hər  iki sənəd  geniş  müzakirə  edilmişdir.  Həmin qanun layihələrində internet texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə hər bir ölkə vətəndaşının, xüsusilə də Azərbaycan Prezidentinin şərəf və ləyaqətinin qorunmasının tənzimlənməsi nəzərdə tutulur, böhtan atma və ya təhqir etmə hallarında cəzalar sərtləşdirilir. Müasir dövrdə ayrı-ayrı şəxslər internetin verdiyi imkanlardan istifadə edərək internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə dövlət başçısının, vətəndaşların şərəf və ləyaqətinə toxunurlar. Cəmiyyətimizdə mövcud olan bu kimi qeyri-qanuni halların qarşısı alınmalıdır. Bu məqsədlə Cinayət Məcəlləsinə əlavə olunan 148-1-ci maddəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manatadək miqdarda cərimə olunacaq və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsinə əlavə olunan 323.1-1-ci maddədə isə Azərbaycan Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma hallarına görə cəzalar nəzərdə tutulur. Belə ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək Azərbaycanın dövlət başçısının şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələmə və ya alçaltma törədildikdə bu əməl 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 323.2-ci maddəyə əsasən, eyni əməllər Azərbaycan Prezidentini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu cəzalar Azərbaycan Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yürüdülən siyasət haqqında tənqidi mülahizələrlə bağlı çıxışlara şamil edilmir. Müzakirələr zamanı Bahar Muradova,  Fazil Mustafa, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Tahir Kərimli, Elmira  Axundova, Tahir  Mirkişili, Əflatun Amaşov qanunvericilikdəki boşluğu aradan qaldıracaq bu vacib sənədlərin mütərəqqi xarakter daşıdığını bildirdilər. Sosial mediada, habelə internet ehtiyatlarında Azərbaycan Prezidentinin və onun ailə üzvlərinin şərəf və ləyaqətinin ləkələnməsinin, alçaldılmasının yolverilməz olduğu birmənalı şəkildə vurğulandı. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul  edildi.
İclasda  “Azərbaycan  Respublikası Dövlət  Gömrük  Komitəsinin  25 illiyi (1992-2017)” yubiley  medalının  təsis  edilməsi  ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının  təsis  edilməsi  haqqında”  qanunda  dəyişiklik  edilməsi barədə sənəd də müzakirə edilərək qəbul edildi.
İclasın  sonunda  Milli Məclisin  Gənclər  və İdman komitəsinin  sədri Fuad  Muradov “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsini təqdim etdi. O, qeyd  etdi ki, sənədin hazırlanması zamanı Ümumdünya Antidopinq Agentliyinin tövsiyələri, bu sahədə beynəlxalq qanunvericilik nəzərdən keçirilib. Təqdim olunan qanun idmanda dopinqin qarşısının alınması və onunla mübarizə sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirir. Sənəddə, eyni zamanda, ölkəmizin bu sahədə beynəlxalq öhdəliklərinə və dürüst oyun prinsipinə uyğun olaraq antidopinq siyasətinin qəbul edilməsi və həyata keçirilməsi nəzərdə tutulur. Qanun layihəsində, eyni zamanda, idman subyektlərinin hüquqları, vəzifələri və məsuliyyəti ilə bağlı məsələlər ehtiva olunur. Sənədə əsasən ölkəmizdə Milli Antidopinq Agentliyinin (MADA) və onun Müşahidə Şurasının təsis edilməsi gözlənilir. Fəaliyyətini müstəqil şəkildə həyata keçirən Agentlik idmançıların hüquqlarını və sağlamlıqlarını qorumaq məqsədi ilə idmanda dopinqsiz iştirakı təbliğ edir, bu sahədə milli strategiyanın hazırlanmasını, maarifləndirmə fəaliyyətini həyata keçirir, bununla bağlı beynəlxalq standartların tətbiq olunmasını və bir sıra digər məsələləri təmin edir. Sənəd səsvermə  yolu ilə ikinci  və üçüncü  oxunuşlarda qəbul  edildi.
Bununla  da  Milli Məclis bugünkü  iclasını  başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU