PARLAMENTDƏ 2017-ci İL DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ BAŞLANDI

Komitə iclasları
08 dekabr 2016 | 09:12   
Paylaşın:        

Noyabrın 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu. İclasda  Azərbaycan hökumətini təmsil edən bir sıra rəsmi  şəxslər  iştirak  edirdilər.
İclası aparan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkənin ali maliyyə sənədinə dair fikirlərini açıqladı. Azərbaycanın dinamik inkişaf nümayiş etdirməsində dövlət büdcəsinin böyük rolu olduğunu qeyd etdi. Bildirdi ki, son dövrlərdə dünya bazarında neftin qiymətinin aşağı düşməsi neft hasilatı ilə məşğul olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda büdcə gəlirlərinin azalmasına səbəb olub. Bu səbəbdən də aparılan iqtisadi islahatların dərinləşməsi ön plana çəkilib. Dövlət başçısının tapşırığına əsasən, ölkəmizdə ciddi islahatlar aparılır, qeyri-neft sektoru inkişaf etdirilir.
Sonra maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, büdcə zərfinə daxil olan sənədlər,  2017-ci il üçün dövlət və icmal büdcə layihələri, həmçinin sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri qlobal iqtisadiyyatdakı başlıca meyllər və çağırışlar nəzərə alınmaqla hazırlanıb.
Ölkəmizin strateji inkişaf prioritetləri, dünya iqtisadiyyatındakı risklərin Azərbaycana mümkün təsirləri, iqtisadiyyatın zəif diversifikasiyası və neftin dünya bazar qiymətinin aşağı olması şəraitində pul siyasətinin sərtləşdirilməsi, bank sektorunun üzləşdiyi itkilər, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının artırılması, islahatların sürətləndirilməsi, sosial müdafiə və təminat sahəsi, dövlət sektorunda xərclərin səmərəliyinin artırılması, regionların sosial-iqtisadi inkişafı və digər məsələlərə toxunan nazir bildirdi ki, gələn ilin büdcə layihəsi hazırlanarkən makroiqtisadi sabitliyə nail olunması əsas hədəf kimi götürülüb. 2016-ci ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankının və hökumətin atdığı addımların və sərt monetar siyasətin nəticəsi olaraq Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısı alınıb.
Maliyyə naziri qeyd etdi ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat nəzərdə tutulur. Gələn il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat proqnozlaşdırılır. 2017-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddi 20 milyard 967 milyon 221 min 600 manat məbləğində, kəsiri isə 9 milyard 617 milyon 84 min manat məbləğində müəyyənləşdirilib.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov başçılıq etdiyi qurumun büdcə zərfinə dair rəyini deputatların diqqətinə çatdırdı. Bildirdi ki,  builki zərfə daxil edilmiş 2017-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri  və vəzifələri daha konstruktiv və praqmatik yanaşma ilə tərtib edilib. Büdcə-vergi siyasətinin əsas prinsipləri müasir dövrün çağırışlarına uyğun müəyyənləşdirilib. Həmçinin gələn ilə dair risklər təhlil olunub, baş verə biləcək təhdidlərə qarşı görüləcək tədbirlərin və fəaliyyətin konturları cızılıb.
 Qeyd olundu ki, yeni iqtisadi reallıqlar şəraitində iqtisadiyyatın qeyri-neft sektoru istiqamətində şaxələndirilməsi siyasəti yürüdülür ki, bu, fiskal intizamın daha da möhkəmləndirilməsini zəruri edir. Nəticə etibarilə vergi inzibatçılığı gücləndirilir, könüllü bəyanetmənin və ödəmənin səviyyəsi artır.  Hesablama Palatasına daxil olan məlumatlara əsasən,  cari ilin 1 sentyabr tarixinədək vergi ödəyicilərinin borcları və artıq ödəmələr növbəti il uçün nəzərdə tutulmuş proqnozun müvafiq olaraq 23,1 faizinə və 27,2 faizinə bərabərdir. Palata sədri dedi ki, dövlət büdcəsinə olan borcun və artıq ödəmənin məbləğinin əsas hissəsi real sektorun qeyri-neft mənbələri hesabına yaranıb.
Bildirildi ki, 2017-ci ilin dövlət büdcəsi xərclərinin ən önəmli məqamı büdcə xərclərinin 10,2 faiz azalması fonunda dövlət büdcəsinin cari xərclərinin 2016-cı ilin analoji göstəricisinə nisbətən 20 faiz, dövlət borcuna xidmət xərclərinin isə 7,5 faiz həcmində azalmasıdır.
Qurumun rəhbəri layihəyə dair bir sıra qeydlərini də nəzərə çatdırdı.
  Sonra iclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxış etdi. Bildirdi ki, gələn ilin büdcəsində neftin bir barreli 40 dollar məbləğində qiymətləndirilib. 2017-ci ildə hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1 faiz azalacağı nəzərdə tutulur. Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun isə artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə ÜDM-in 1 faiz, növbəti illərdə isə təxminən 2 faizdən yuxarı artacağı proqnozlaşdırılır. Əhali arasında bank sisteminə inamın bərpa olunması üçün bu sektorun sağlamlaşdırılması istiqamətində addımlar atılacaq. Sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Məşğulluğun təmin edilməsi əsas hədəf olaraq qalacaq. İşsizlikdən icbari sığorta sistemi yaradılacaq. Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi dövlətin məşğulluq siyasətinin əsas prioritetlərini təşkil edəcək.
 Nazir müavini vurğuladı ki, son illərdə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Sənaye parkları və məhəllələri yaradılıb. Hazırda ipəkçilik, pambıqçılıq, tütünçülük və s. kimi ənənəvi sahələri inkişaf etdirmək üçün 13 proqram hazırlanır. Həmin sahələrin hər biri  əməktutumlu olduğuna görə qarşıdakı illərdə məşğulluq probleminin həllinə öz töhfəsini verəcək. 
İqtisadiyyat nazirinin müavini məlumat verdi ki, qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2017-ci ildə 4,9 faiz, növbəti 3 ildə isə orta hesabla 4,7 faiz artım proqnozlaşdırılır. Ölkəmizdə turizmin inkişafı qarşıdakı 4 ildə 7,4 faiz artacaq. İnformasiya cəmiyyətinin inkişafına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı informasiya və rabitə sektorunda yeni imkanlar yaradacaq. Bu sektorda gələn il 6,7 faiz, növbəti illərdə isə 5 faizdən yuxarı artım gözlənilir.
Məruzələrdən sonra iclasda müzakirələr başlandı. Deputatlar Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Fərəc Quliyev, Fazil Mustafa, Səttar Möhbalıyev, Aydın Hüseynov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları  2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə dair rəy və təkliflərini bildirdilər. Tövsiyələr nəzərə çatdırıldı.
 Milli Məclis komitələrinin birgə iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, 2017-ci ilin dövlət büdcəsi çox mürəkkəb şəraitdə formalaşıb. Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb. Hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir. Eyni zamanda, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarə edilməsi siyasəti mövcuddur. Bizim gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsinə, manatın məzənnəsinin və qiymətlərin sabitləşməsinə, inflyasiyanın azaldılmasına hədəflənib.
Yekunda maliyyə naziri Samir Şərifov deputatları narahat edən məqamlara aydınlıq gətirdi, sualları cavablandırdı.
5 komitənin birgə iclasında qərara alındı ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunsun.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU