REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Dekabrın 1-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.
Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi barədə, həmçinin “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq olunması haqqında” Qanunun ləğv olunması barədə məsələlər daxildir.
Komitə sədri məlumat verdi ki, hazırda ölkədə inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi prosesi gedir. Ölkədə mövcud olan 59 torpaq mübahisəsinin həlli üçün bizə müraciət olunmuşdu. Həmin torpaq mübahisələrinin həll olunması üçün işçi qrupu yaratmışdıq. Həmin işçi qrupu yerlərdə oldu, lakin əsasnamədəki bəzi çatışmazlıqlar bu mübahisələrin həllinə mane olur. Ona görə də təklif olundu ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanundakı qeyri-müəyyən məsələlər aradan qaldırılsın, bir sıra maddələr ləğv edilsin, bir sıra maddələrdə dəqiqləşmələr aparılsın. Bundan başqa, qanuna yeni “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası” adlı yeni fəslin əlavə olunması nəzərdə tutulur ki, bu fəsil indiyədək mövcud olan bir çox çatışmazlıqları aradan qaldıracaq. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna yuxarıda deyilən əlavə və dəyişikliklər olunduqdan sonra artıq əsasnaməyə ehtiyac qalmır. Buna görə də əsasnamə ləğv olunur. Həmçinin bu əlavə və dəyişikliklərlə bağlı Torpaq Məcəlləsindəki müvafiq maddə də dəyişdirilir.
İclasda çıxış edən komitə üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov, Kamran Bayramov, Malik Həsənov, Azər Badamov və Cavid Osmanov “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydalarını tənzimləyən yeni müddəaların əlavə olunmasını yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu əlavə və dəyişikliklərin edilməsində əsas məqsəd odur ki, torpaq mübahisələri zamanı vətəndaşların mənafeyi təmin olunsun.
Müzakirələrdən sonra gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti