MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
01 dekabr 2016 | 05:12   
Paylaşın:        

Dekabrın 1-də  Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclası  keçirildi. İclası Əmək  və sosial  siyasət  komitəsinin  sədri  Hadi  Rəcəbli açaraq  bildirdi ki, bugünkü  iclasda   2017-ci ilin büdcə  zərfinə  daxil olan 4 məsələ  müzakirə  ediləcək. 
Əvvəlcə “Azərbaycan Respublikasının 2017-ci ilin  dövlət  büdcəsi  haqqında”  qanun  layihəsi barədə  sənəd  müzakirə  edildi. Sənədi  maliyyə  naziri  Samir Şərifov təqdim  etdi. Bildirildi ki, 2017-ci il dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkəmizin strateji inkişaf prioritetləri, orta müddətli büdcə və maliyyə siyasəti, sosial iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınaraq hazırlanıb.
Nazir qeyd etdi ki, təqdim olunan büdcə layihəsi son dövrlərdə ölkəmizdə mahiyyət etibari ilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir.  2016-ci ilin fevral ayında büdcəyə edilən dəyişiklər zamanı qəbul edilən neftin bir barelinin 25 ABŞ dolları həcmində müəyyən edilməsindən sonra neftin dünya bazarında qiyməti orta hesabla 43 ABŞ dolları civarında qalmaqdadır. Neft-qaz biznesi ilə məşğul olan şirkətlər bu qiyməti yeni investisiyaların cəlb edilməsi üçün yetərli hesab etmirlər. Neftin ucuzlaşması həm də xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub, ölkəmizin tədiyyə balansının pisləşməsinə gətirib çıxarıb.
Bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatların sürətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır. Dövlət büdcəsi xərclərinin azalması, manat emissiyasının məhdudlaşdırılması valyuta bazarındakı təzyiqin nisbətən yumşaldılmasına, manatın məzənnəsinin sabitləşməsinə və üzərindəki təzyiqlərin azaldılmasına kömək edəcək. Növbəti ildə dövlət büdcəsi xərcləri optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi dövlət büdcəsi layihəsində qəbul edilib və buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub. Nazir onu da vurğuladı ki, 2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 milyard manata yaxın vəsait nəzərdə tutulub. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 30 faiz təşkil edəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  çıxışında  bildirdi ki, gələn ilin dövlət büdcəsində əksini tapan mühüm məsələlərdən biri icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılmasıdır. O, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saxlanılması üçün büdcədən vəsait  ayrılmasını  yüksək  qiymətləndirdi.  İcbari tibbi sığorta nə qədər tez həyata keçirilərsə,  tibbi xidmət səviyyəsinin də bir o qədər tez yüksələcəyini  vurğuladı. 
Sonra Mədəniyyət  komitəsinin sədri Rəfael  Hüseynov, Elm  və təhsil komitəsinin sədri İsa Həbibbəyli,  Ailə, qadın  və uşaq  məsələləri  komitəsinin  sədri Aqiyə  Naxçıvanlı, deputatlar Qənirə Paşayeva, Bəxtiyar Əliyev,  Jalə Əliyeva, İlham Məmmədov, Gövhər  Baxşəliyeva, Məlahət İbrahimqızı, Rəşad Mahmudov 2017-ci ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır.
Komitədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan Dövlət  Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcəsi haqqında” qanun layihəsini  şərh etdi. O, rəhbərlik etdiyi qurumun apardığı hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meyllərini, əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikləri açıqladı. Qeyd  olundu ki, gələn ilin sonuna təbii artımın 102,5 min nəfər, gözlənilən ömür uzunluğu 75,2 yaş təşkil edəcək. Bildirildi ki, əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,2 faizini təşkil edəcəyi, iqtisadi fəal əhalinin isə 95 faizini təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3 faiz  artaraq 508 manata çatacaq. “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi”ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 milyon manatın sərf olunacağı nəzərdə tutulur.
Daha  sonra  “Azərbaycan Respublikasının 2017-çi il üçün yaşayış minimumu  haqqında”, “Azərbaycan Respublikasının 2017-ci il  üçün  ehtiyac  meyarının  həddi  haqqında” qanun  layihələri  də müzakirə  edildi. Qeyd olundu ki, gələn  il üçün  yaşayış minimumunun miqdarı ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali  üçün 164,5 manat, pensiyaçılar  üçün 130,2  manat, uşaqlar  üçün 136,6 manat müəyyən olunur.  2017-ci ilin dövlət büdcəsi layihəsində ehtiyac meyarı həddinin isə 105 manat nəzərdə  tutulduğu bildirildi.
İclasda  Ailə, Qadın  və Uşaq  məsələləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Təhsil nazirinin müavini Ceyhun Bayramov, Mədəniyyət  və turizm nazirinin müavini Ədalət Vəliyev, Səhiyyə  nazirinin müavini Elsevər Ağayev,  İqtisadiyyat  nazirinin müavini Sevinc Həsənova   və digər  rəsmi şəxslər  iştirak  edirdilər.
Müzakirələrdən sonra büdcə zərfinə daxil olan sənədlər  parlamentin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU