MİLLİ MƏCLİSDƏ UŞAQLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ

Tədbirlər
30 aprel 2012 | 06:04   
Paylaşın:        

Aprelin 30-da Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə Avropa Şurasının  “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbiri  giriş sözü  ilə açan Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi ki, Avropa Şurasının dünyada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beşdən biri” kampaniyası ölkəmizdə uğurla aparılır. Bu günkü  konfransın keçirilməsində məqsəd uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində görülən işlərin təhlilidir. Qeyd  edildi ki, kompaniya çərçivəsində səylərin birləşdirilməsinə dair ölkə ictimaiyyətinə müraciət ünvanlandıqdan sonra müxtəlif tədbirlər görülüb. Azərbaycanda uşaqlara dövlət hərtərəfli qayğı göstərir və bu istiqamətdə işləri getdikcə artırır. Bir sıra beynəlxalq qurumlar bu sahədə gördüyümüz işləri ciddi nailiyyət kimi qəbul edir və ölkəmizin təcrübəsindən bəhrələnə bilir.  Bizdə  dövlətlə yanaşı, ailələrdə uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar. Çox sevindirici haldır ki, uşaqlara qarşı zorakılıqla bağlı həyata keçirilən tədbirlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmaqda və müsbət qiymətləndirilməkdədir. Azərbaycanın bu istiqamətdəki təcrübəsi artıq dünya tərəfindən bir model kimi qəbul olunur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə proqram əlaqələndiricisi Sevinc Fətəliyeva ölkəmizdə kompaniya çərçivəsində görülən işlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, zorakılıq mövzusu bəşəriyyət yaranan gündən insanları narahat edir.
Buna qarşı güclü  mübarizə aparılır. Ölkədə uşaqlara qarşı zorakılıqla bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılmaqdadır. Uşaqlar həm dövlətin, həm də cəmiyyətin qayğısı ilə əhatə olunub. Sevinc Fətəliyeva öz  çıxışında dedi: “Bu gün mediada, elektron KİV-də yayımlanan bəzi proqramlar, verilişlər uşaqlar arasında zorakılıq hallarının çoxalmasına gətirib çıxarır. Eyni zamanda bu məsələdə internetin də müəyyən payı var. Düzdür, bu gün dünyanı internetsiz təsəvvür etmək mümkün deyil, ancaq çox təəssüflər olsun ki, yeni texnologiyaların bir vasitəsi kimi çıxış edən internet bəzən uşaqlar arasında zorakılıq hallarının çoxalması ilə sonuclanır”.
Sonra  parlamentin komitə  sədrləri  Səməd Seyidov, Hadi Rəcəbli, millət vəkilləri Gülər Əhmədova, Fəzail İbrahimli, Rauf Əliyev, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos, Almaniyada psixoloji mərkəzin əməkdaşı Qalina Heinzelman, Latviyadan olan psixoloq Marina Daliba və başqaları kompaniyanın əhəmiyyətindən danışaraq bildirdilər ki, gələcək nəsillər üçün təhlükəsiz həyat qurmaq bizim hər birimizin vəzifəsidr. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya uğurla həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Zorakılığa məruz qalan uşaqların qorunması və  cəmiyyətə  adaptasiya  edə bilməsi  üçün Reabilitasiya Mərkəzi,  müraciət  edə biləcəkləri “Qaynar xətt” fəaliyyət göstərir.
Toplantıda  iştirak edən Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev təmsil etdiyi təşkilatın uşaq zorakılığına qarşı mübarizə istiqamətində gördüyü profilaktik tədbirlərdən danışaraq dedi ki, uşaqlara qarşı törədilən cinayətlərin 40 faizini məişət zorakılığı cinayətləri təşkil edir. Bununla yanaşı, Azərbaycanda uşaqlara qarşı törədilən zorakılıq halları MDB ölkələrinin orta göstəricilərindən bir neçə dəfə aşağıdır. Hüquqi bazanın möhkəmləndirilməsi görülən işlərin səmərəsini artırır. Polis-vətəndaş münasibətlərinin yeni mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görülür.
Çıxış edənlər ölkəmizdə uşaq hüquqlarının qorunması, onlara qarşı zorakılıqla mübarizə istiqamətində görülən işlərə görə  toplantı iştirakçılarını təbrik etdilər. Qeyd olundu ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr sırasında bu sahədə irəli sürdüyü təşəbbüslərinə və real müsbət nəticələrinə görə fərqlənir.
 Tərbirin sonunda iştirakçılar adından bəyanat qəbul olundu. Bəyanatda bildirilir ki, uşaqlara qarşı yönəlmiş hər növ zorakılıq forması pislənilir və gələcəkdə zorakılığın aradan qaldırılması istiqamətində aparılacaq birgə fəaliyyət dəstəklənir.


Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU