KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİ MÜZAKİRƏ OLUNDU

Komitə iclasları
02 dekabr 2016 | 06:12   
Paylaşın:        
Dekabrın 2-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu. 
Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, büdcə zərfi artıq üçüncü gündür ki, komitələrdə müzakirə olunur. Layihə mövcud qlobal və ölkədaxili reallıqlar nəzərə alınaraq hazırlanmışdır. Əsas məqsəd makroiqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır. 
Bahar Muradova diqqətə çatdırdı ki, Milli Məclisə təqdim edilən gələn ilin dövlət büdcəsinin layihəsində mövcud vəziyyət, valyutaların məzənnələri, eləcə də riskləri, dünyada gedən proseslər nəzərə alınıb.
Sonra maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin əsas parametrləri barədə məlumat verdi.  Nazir bildirdi ki, Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2017-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, sosial iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınmaqla hazırlanıb. Təqdim olunan büdcə layihəsi son dövrdə ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir və sənəddə yeni postneft iqtisadi inkişaf mərhələsinə keçidin şərtləndiyi çağırışları nəzərə alınıb. 
Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artım ilə zəif ayaqlaşması ölkə iqtisadiyyatının əsas gəlir mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Bu öz növbəsində xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub, bu da ölkəmizin tədiyyə balansının xeyli pisləşməsinə gətirib çıxarıb. Sadalanan amillərlə yanaşı, bank sistemində pozulmuş sabitlik, bir sıra bankların iflasa uğrayaraq bağlanması, iqtisadiyyatın banklar tərəfindən kreditləşməsi həcmlərinin nəzərə çarpan dərəcədə daralması, həmin üzləşdiyimiz çağırışların bir qismini səciyyələndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və institusional islahataların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlar pul və fiskal siyasətlərin sərtləşdirilməsi, maliyyə valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın şaxələnmə sürətinin artırılması, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədi ilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirilməsi kimi tədbirləri özündə əks etdirir. Bununla belə, 2017-ci ildə də cari ildə yürüdülən fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək. Bunun əsas məqsədi dövlət büdcəsi xərclərini azaltmaq, manat emissiyasını məhdudlaşdırmaqla valyuta bazarındakı təzyiqin nisbətən yumşaldılmasına, yəni manatın məzənnəsinin sabitləşməsinə və dolayısı ilə məzənnə üzərindəki təzyiqlərin azalmasına kömək etməkdir. Burada da əsas məqsəd ilk növbədə valyuta bazarındakı gərginliyi aradan qaldırmaqla ölkədəki makroiqtisadi sabitliyin təmin edilməsidir.   
2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari ilin proqnozu ilə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azdır. Gələn il üçün neft sektorundan daxilolmalar üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı və yaxud 50,8 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir ki, bu da cari illə müqayisədə 503 milyon manat və yaxud 11,3 faiz çoxdur. Vergilər nazirliyi xətti ilə dövlət büdcəsinə 7 milyard 210 milyon manat və yaxud cari illə müqayisədə 2,9 faiz çox gəlirlərin təmin edilməsi proqnozlaşdırılır. Gömrük komitəsi xətti ilə isə büdcəyə 2 milyard 200 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 390 milyon və yaxud 21,5 faiz çoxdur. Neft fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert 6,1 milyard manat təşkil edəcək və bu da ötən illə müqayisədə 1,5 milyard manat az transfert deməkdir. Ümumiyyətlə, qeyd etmək istərdim ki, 2014-cü ildən başlayaraq dövlət neft fondunun dövlət büdcəsinə transfertlərin tədricən azaldılması və bununla da büdcə yığcamlaşdırılması siyasəti həyata keçirilməkdədir. 
2017-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 40.3 faiz səviyyəsində olacaq. Bu da cari illə müqayisədə 5.7 faiz çoxdur. Cari illə müqayisədə bu xərclər 292 milyon manat və yaxud 4.6 faiz artaraq 6 milyard 686 milyon manat təşkil edəcək. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsində 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət neft fondunun büdcəsindən 90 milyon manat və ya xaricdən cəlb edilmiş kredit hesabına 26 milyon manat cəm olaraq 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2017-ci il üçün dövlət büdcəsinin layihəsinə rəy hazırlanıb və Milli Məclisə təqdim edilib. Təqdim edilən rəydə növbəti il üçün dünya iqtisadiyyatında mövcud vəziyyət, 2017-ci il üçün ölkəmizdə proqnozlaşdırılan əsas makroiqtisadi göstəricilərin, dövlət büdcəsinin gəlir və xərclərinin büdcə vergi siyasətinin əsas istiqamətlərinə adekvatlığı qiymətləndirilib. Neft gəlirlərinin davamlı azalması ilə əlaqədar formalaşan fərqli iqtisadi reallıqlar şəraitində Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin gəlir parametrləri, istər ümumilikdə, istərsə də vergi gəlirləri timsalında qeyri-neft mənbələrinin artımına söykənməklə proqnozlaşdırılıb. 2017-ci il üçün proqnozlaşdırılmış azalma əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin əvvəlki illə müqayisədə təqribən 20 faizə qədər az nəzərdə tutulması ilə əlaqədardır. 
Çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova dünyada və regionda baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə enməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının kəskin şəkildə  devalvasiyası  və digər amillər Azərbaycan iqtisadiyyatına mənfi təsir edib, manata təzyiqlər artıb, iki dəfə devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan olunub. Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam  etməkdədir. 
Nazir müavini onu da qeyd etdi ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək üçün sistemli tədbirlər hazırlanıb. Prezident İlham Əliyevin tapşırığı ilə rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq məqsədi ilə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək, idarəetmə strukturunu təkmilləşdirmək, fəaliyyət səmərəliliyini artırmaq və dövlət büdcəsindən asılılığı aradan qaldırmaq üzrə sistemli tədbirlər hazırlanıb və həyata keçirilməsinə başlanılır. Bu istiqamətdə görülmüş işlər, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması, onlara güzəştlərin verilməsi öz bəhrəsini verəcək və proqnoza görə bu sahədə iqtisadi artım 7 faizdən yüksək olacaq. 
Çıxış edən Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Tahir Kərimli, Kamran Nəbiyev, Cavanşir Feyziyev, Şahin İsmayılov, Ombudsman Elmira Süleymanova 2017-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini, qeyd və təkliflərini bildirdilər.
Sonra maliyyə naziri Samir Şərifov iclasda səsləndirilən fikirlərə münasibət bildirdi, suallara cavab verdi. Nazir diqqətə çatdırdı ki, burada deyilən fikirlər təhlil olunacaq və mümkün olan təkliflər nəzərə alınacaq.
Müzakirələrin yekununda  “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU